Sentyabrın 15-dən dərslərin başlanması ehtimalı böyükdür


Ekspertlər hesab edir ki, hətta yoluxma sayının artması tədris prosesinin bərpasına hər hansı bir maneə törətməyəcək

Artıq bir ildən çoxdur ki, ölkədə pandemiya səbəbindən təhsil distant şəkildə keçirilir. İnsanlar arasında yoluxma sayının yenidən artması təhsilin ənənəvi olub-olmayacağı sualını yenidən gündəmə gətirir. 
Təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında qeyd edib ki, hazırda ümumi mənzərə onu deməyə əsas verir ki, dərslərin ənənəvi qaydada başlanması üçün hər hansı bir maneə, hər hansı bir problem yoxdur: "Bilirsiniz ki, ötən il vaksinasiya həyata keçirilmirdi. Amma ona baxmayaraq dərslər sentyabr ayında müvafiq olaraq bəzi siniflər üzrə başlamışdı. Qeyd edim ki, bu illəri ən azı 3 milyon vətəndaşımız birinci dozanı, 2 milyon vətəndaşımız isə ikinci doza vaksinini vurdurub.

Buna görə də hesab edirəm ki, bu il dərslərin ənənəvi qaydada başlanmasına üçün ideal imkan yaradılıb. Hətta təhsil müəssisələrində demək olar ki, əməkdaşlarının böyük bir hissəsi vaksinasiya prosesindən tam keçib. Eyni zamanda ali təhsil müəssisələrinə də artıq göstəriş verilib ki, vaksinasiya prosesində iştirak etmiş tələbələr ənənəvi qaydada dərslərdə iştirak edə bilərlər. Təbii ki, qarşıdakı zamanda tələbələrin vaksinasiyası həyata keçiriləcək. Bununla da sentyabrın 15-dən etibarən dərslərin tam ənənəvi qaydada başlanması mümkün olacaq. Nəzərə alaq ki, dərslərin başlanması üçün hələ bir ay yarım vaxtımız var. Bu müddət ərzində ən azından 1 milyon 500 min insanın vaksinasiyası həyata keçirilə bilər ki, bu da bizim üçün çox vacibdir. Bir faktı da qeyd edim ki, son iki ilin imtahan nəticələri, qiymətləndirmə prosesi olduqca bərbaddır. Bunu həm müəllimlərin işə qəbulunda, ali təhsil müəssisələrində keçirilmiş qəbul imtahanlarında, həm də 9-cu və 11-ci siniflərin buraxılış imtahanında olduqca bərbad bir mənzərənin şahidi olduq. Əgər biz yenidən distant formada təhsilə davam etsək, o zaman gələcəkdə heç bir halda ixtisaslı kadr tapa bilməyəcəyik. Buna görə də ənənəvi təhsil bizim üçün vacibdir. Distant təhsil heç vaxt ənənəvi təhsili əvəz edə bilməz. Yalnız o zaman əvəz edə bilər ki, kifayət qədər biz tam olaraq distant formada olan təhsili təkmilləşdirə bilərik və eyni zamanda hər kəsin təhsilə əlçatanlığı çata bilər". 

Təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, bu ilin sentyabr ayından dərslərin başlanma ehtimalı kifayət qədər böyükdür:

"İnsanlar narahatdılar ki, ölkədə yoluxma sayı hər gün artır və gözlənilir ki, bu rəqəm daha da artsın. Amma rəqəmlərin qalxması tədris prosesinin bərpasına hər hansı bir maneə törətməyəcək. Ona görə ki, biz artıq pandemiya dövründə davranış qaydalarına malikik. Bilirik ki, hansı qaydalara riayət etməklə biz pandemiya dövründə tədrisi təşkil edə bilərik. İkincisi, hazırda ölkədə vaksin olunanların sayı 4 milyonu keçib. Biz pandemiya dövründə Dövlət İmtahan Mərkəzi tərəfindən yüz minlərlə insanın iştirakı ilə buraxılış və qəbul imtahanlarının keçirildiyinin də şahidi olduq. Həmçinin, ölkədə kütləvi tədbirlər də həyata keçirilib. Bütün bunların hər biri onu deməyə əsas verir ki, bəli, ölkədə 2021-ci ilin sentyabrında tədris prosesi bərpa olunacaq. Yoluxma sayının hətta bu sürətlə davam etməsi belə ona təsir göstərməyəcək. Amma biz birmənalı şəkildə müəyyən qaydalar var ki, onlara riayət etməliyik. Eyni zamanda ölkəmizdə şagirdlərin iştirakı ilə yay düşərgələri də təşkil edilib. Bütün bunlar sentyabrda dərslərin başlanmağına hər hansı maneələrin olmadığını göstərir. Amma şagirdlərin normal və təhlükəsiz daşınması üçün mütləq məktəb avtobusları  olmalı və tədrisin tam bölgüsü həyata keçirilməlidir. Pandemiya göstərdi ki, onlayn təhsildə ciddi şəkildə boşluq var. Yəni hamı üçün təhsil əlçatan və keyfiyyətli deyil. Həmçinin, bütün fənləri onlayn qaydada keyfiyyətli şəkildə tədris etmək mümkün deyil. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, yeni tədris ili ənənəvi qaydada başlayacaq".