Qonşu ölkədən müjdə...

Gürcüstanda tələbə adını qazanan soydaşlarımızın sayı artıb

Əsas diqqət çəkən məqam erməni abituriyentlərinin sayının ötən illərlə nisbətən bu il azlıq təşkil etməsidir

2021-2022-ci tədris ili üzrə Gürcüstanın ali məktəblərinə 1 072 nəfər azərbaycanlı abituriyent qəbul olub. Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən məlumat verilib ki, onların 1 033-ü milli azlıqlar üçün nəzərdə tutulan “1+4” proqramı üzrə qəbul olunub. Dövlət qrantı əldə edən tələbələrin sayı isə 99 nəfər təşkil edir. Qeyd edək ki, əvvəlki dərs ili ilə müqayisədə Gürcüstanda tələbə adını qazanan soydaşlarımızın sayı artıb. Universitetlərə qəbul olunan erməni abituriyentlərin sayı isə azərbaycanlılarla müqayisədə 3,6 dəfə azdır.

Gürcüstanın  Azərbaycanla bir çox məsələlərdə strateji tərəfdaşlıq etdiyini vurğulayan siyasi-şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında vurğulayıb ki, ümumiyyətlə, Gürcüstanın ali məktəblərinə daha çox azərbaycanlı abituriyentlərin qəbul olunması müsbət tendensiyadır. O qeyd edib ki, bu məsələlərdə orda yaşayan soydaşlarımızın da rolu az deyil:

"Gürcüstan Azərbaycana qarşı hər zaman siyasi sadiqlik nümayiş etdirib. Üstəlik, Azərbaycan da Gürcüstanla yaxşı münasibətləri davam etdirməkdə maraqlıdır. Təbii ki, bu, ilk növbədə iki dövlət arasında olan isti münasibətlərdən irəli gəlir.

O baxımdan Gürcüstanda bu faktın ortaya çıxması sevindiricidir. Ancaq burada əsas diqqət çəkən məqam erməni abituriyentlərinin sayının ötən illərlə nisbətən bu il azlıq təşkil etməsidir. Əslində, bir tərəfdən bunun səbəblərinə baxmaq lazımdır.

Səbəblərdən birincisi odur ki, Ermənistan perspektivsiz bir ölkədir. Ermənilər artıq başa düşür ki, Qafqazda onların heç bir gələcəyi yoxdur. Təbii ki, belə olan halda da onlar Qafqazdan çıxıb getmək haqqında planlar cızırlar. O baxımdan Gürcüstanda erməni tələbələrinin sayı azalır.

Hesab edirəm ki, Azərbaycanla Gürcüstan arasında siyasi sadiqlik bundan sonra da sıx şəkildə davam edəcək. İnanıram ki, gələcəkdə hər iki ölkənin vətəndaşlarının təhsili qarşılıqlı şəkildə birgə təmin ediləcək".