Təhsil sisteminin elektronlaşdırılması vacibdir

Burada təkcə sırf tələbələr və yaxud da müəllimlər faydalanmayacaq, eləcə də tələbələrin valideynləri bundan faydalana bilər

Ali təhsil sistemi elektronlaşdırılacaq. Bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb. Ümumilikdə 10 fəsildən ibarət qanun layihəsində IX fəsil ali təhsil sisteminin elektronlaşdırılması ilə bağlıdır. Bu fəsilə iki maddə - ali təhsil müəssisəsində informasiya təminatı (52-ci maddə) və məsafədən təhsil (52-ci maddə) daxildir. 

Layihəyə əsasən, ali təhsil sistemində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi, vahid ali təhsil informasiya məkanının yaradılması təmin edilir. Ali təhsil müəssisəsinin korporativ şəbəkə infrastrukturunun, habelə şəbəkə infrastrukturunun idarəetmə və nəzarət sistemi yaradılır. 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında bildirib ki, təhsil sisteminin elektronlaşması artıq vacib bir amilə çevrilib. Çünki biz informasiya dövründə yaşayırıq, ona görə də bütün sistemlərin informasiyalaşdırılması vacibdir, xüsusi olaraq da təhsil sahəsində:

 "Gələcəkdə ali məktəblərdə təhsil sisteminin elektronlaşdırılması və “web” laboratoriyaların yaradılması olduqca vacibdir. Gələcəkdə müvafiq sənədlər də elektronlaşacaq. Məsələn, gələcəkdə hər hansı bir şəxs öz təhsil aldığı sənədi götürmək istəsə, o zaman birbaşa elektron xidmətlərdən yararlanmaqla bu imkanlardan istifadə edəcək".

Təhsil eksperti əlavə edib ki, burada təkcə sırf tələbələr və yaxud da müəllimlər faydalanmayacaq, eləcə də tələbələrin valideynləri bundan faydalana bilər: "Çünki burada gündəlik qiymətləndirmə aparılacaq. Və bu qiymətləndirməni valideynlər daxil olub izləyə biləcəklər. Hesab edirəm ki, bütün bunlar müsbətə doğru olan bir addımlardır. Biz pandemiyada distant təhsilə keçdik. Distant formalı təhsil demək olar ki, yavaş-yavaş öz yerini aldı və qarşıdakı illərdə ola bilər ki, distant formada təhsil daha çox inkişaf etsin. Belə olduğu halda da sırf bu istiqamətdə işlərin aparılması daha məqsədəuyğundur".