Təhsil sistemində psixoloji xidmətdə problemlər var


Famil Səfərov: "Onlar üçün məktəblərdə otaq ayrılmır, normal iş üçün şərait yaradılmır və ən başlıcası onlara bir mütəxəssis kimi çox aşağı əməkhaqqı verilir. Məhz bu səbəbdən də bu sahədə səriştəli psixoloqlar işləmək istəmir"

"Son illər dünyada gedən sürətli texnoloji inkişaf həmçinin yeni insan nəsli yetişdirib. Müşahidələr göstərir ki, bu nəsil daha akselrat, daha sürətlidir".
Bu fikirləri "Şərq"ə açıqlamasında məktəb psixoloqu Famil Səfərov deyib. Ekspert qeyd edib ki, həmin şəxslərin ənənəvi, mənəvi dəyərlərə, o cümlədən cinslərarası münasibətlərə baxışları da fərqlidir: 

"Odur ki, hazırkı təhsilalanlar üçün fərqli tədris proqramları hazırlanmalı, biliklər də fərqli  üsullar və metodlarla, yeni texnologiyalar ilə tədris olunmalıdır. Bütün bunları həyata keçirmək üçün isə təhsil müəssisələrində psixoloji xidmət təhsilin ayrılmaz bir hissəsinə çevrilməlidir. Qeyd edim ki, ümumiyyətlə, bizim təhsilimizdə bununla bağlı ciddi problemlər var. Çünki böyüməkdə olan nəslin cinsi tərbiyəsi və keçid yaşlarında onlarla iş düzgün qurulmayıb. Düzdür, dəfələrlə bu haqda fikirləri ictimaiyyətlə bölüşmüşəm. Hətta Təhsil Nazirliyinə dəfələrlə bu barədə müraciətlər ünvanlanmışam. Amma çox təəssüflər olsun ki, Təhsil Nazirliyi tərəfindən heç bir reaksiya yoxdur. Ümumiyyətlə, məktəb proqramlarına çox yersiz fənlər salınır. Hesab edirəm ki, heç olmasa, fənn daxilində həyat və bacarıqlara əsaslanan biliklər əlavə edilsin. Çünki bu, gələcək nəsil üçün faydalı ola bilər.  Bizim təhsilimizdə ən çatışmayan cəhətlərdən biri də  budur.  Bu gün məktəblərdə şəxsiyyətin formalaşmasında və sosial emosional mühitin öyrənilməsinə dair heç bir tədris proqramı mövcud deyil. Təbii ki, bütün bunların olmaması sonda onların bir şəxsiyyət kimi yetişməsi prosesində, cinsi və dini tərbiyəsinə mənfi təsir göstərir. Bundan başqa, din barədə məlumatlar da şagirdlərə  başa salınmalıdır.  Bütün bunlar bizim təhsilimizin çatışmayan cəhətləridir". 

F.Səfərov diqqətə çatdırıb ki,  Azərbaycan təhsili proqramlarında ailə tərbiyəsia ilə bağlı anlayışlar da demək olar ki, yox dərəcədədir: 

"Azərbaycanda ailə dəyərləri, ailə institutları barədə məlumatlar şagirdlərimizə aşılanmır. Hər hansısa bir fəndə bunu bölmə kimi vermək olar. Bundan başqa, Azərbaycanda bəlli sayda qeyri-hökumət təşkilatları  var. Həmin təşkilatlarla məktəblər birgə fəaliyyət göstərə bilərlər. Yəni həmin təşkilatlar uşaqlara ailə tərbiyəsi, cinsi tərbiyə, uşaqların dünyaya gətirilməsi, düzgün yaşayış tərzi və s. barədə geniş bilgi verə bilərlər. Təbii ki, bu da gənclərimizin cəmiyyətə inteqrasiyasında mühüm rol oynaya bilər. Ümumiyyətlə, bizim təhsilimizdə bir sıra boşluqlar var. Bizdə təlim proqramları da çox sıxdır. Hər hansı bir fənni əlavə etmək, yaxud da ki, fakultətiv dərnək kimi həyata keçirmək çox çətindir. Ona görə də bunu mən deyən formada məktəblərdə etmək daha münasibdir. Yəni cinsi, dini tərbiyə və s. haqqında bilgilər hansısa fənlərə mütləq əlavələr edilməlidir. Əlbəttə, bəlli səbəblər üzündən Azərbaycan təhsilində psixoloji xidmət də günün tələbləri səviyyəsində deyil. Xüsusilə regionlarda əksər hallarda məktəblərdə ya psixoloq olmur, ya da onların peşəkarlıq səviyyəsi çox aşağı olur. Bütün bunların da xeyli  obyektiv səbəbləri var. 10 ildən çoxdur ki, TN məktəb psixoloqları üçün heç bir təlim və kurslar təşkil  etmir. Onlar üçün məktəblərdə otaq ayrılmır, normal iş üçün şərait yaradılmır və ən başlıcası onlara bir mütəxəssis kimi çox aşağı əməkhaqqı verilir. Məhz bu səbəbdən də bu sahədə səriştəli psixoloqlar işləmək istəmir".