Şagirdləri tətilsiz qoymaq çox səhv qərardır

Bu qərarı verənlərin pedaqoji təhsil anlayışı yoxdur

"İki yanlışı birdən etdilər. Uşaqlar onsuz da pandemiya şəraitində hədsiz gərilir, psixoloji yüklənirlər"


“Təhsil Nazirliyi pedaqogikaya zidd, yanlış qərarlar verməkdə davam edir. Ümumtəhsil məktəblərində dərslərin gec başlanması da yanlış qərar idi, payız tətilinin ləğvi qərarı da”. Bu sözləri “Şərq”ə açıqlamasında təhsil eksperti, fəlsəfə doktoru Kamran Əsədov deyib. Ekspert bildirib ki, payız tətilinin ləğvi çox ciddi yanlışlıqdır: 

- Belə görünür ki, bu qərarı verənlərin pedaqoji təhsil anlayışı yoxdur. Şagirdlərin payız tətilini ləğv etmək ilk növbədə onların konstitusion hüquqlarını pozmaqdır. Uşaqların Konstitusuya ilə təsbir edilmiş hüquqları var. Bu hüquq pozulub.  Dərslərin gec və ya tez başlanmasının tətillərə heç bir aidiyyəti olmamalıdır. Tətil ona görə verilir ki, şagirdlər fiziki və psixoloji yorğunluqdan azad olsunlar, dincəlsinlər. Nazirlik əsas gətirir ki, tədris ili gec başlayıb. Pandemiya, yoluxma təhlükəsi səbəbindən. Birincisi, əyani tədris gec başlasa da, uşaqlar onlayn tədrisə qoşulurdu. İkincisi, yoluxmanı səbəb göstərərək əyani dərslərin başlanma vaxtını uzatmaq heç bir üstünlük vermədi, heç nəyi dəyişmədi. Hazırda 70-dən çox orta məktəb yoluxma səbəbindən distant təhsilə qayıdıb. Müəllimlər arasında da yoluxanlar çoxdur, uşaqlar arasında da. Deməli, dərslərin ənənəvi başlanma vaxtının yubadılması səhv qərar idi. Bu qərarı verənlər bilməliydi ki, uşaqlar məktəbə gələndə onsuz da yoluxma sayı yenə artacaq. Bu, qaçılmazdır. Necə ki, biz bunu artıq çoxdandır müşahidə edirik. Bu yanlış qərarın üzərinə bir də payız tətilini ləğv etməmk qərarını gəldilər. İki yanlışı birdən etdilər. Uşaqlar onsuz da pandemiya şəraitində hədsiz gərilir, psixoloji yüklənirlər. Onları tətilsiz qoymaq çox səhv qərardır.

Qeyd edək ki, hazırda orta ümumtəhsil məktəblərində əməlli-başlı qarmaşa yaşanır. Bəzi məktəblər, xüsusilə də liseylər, özəl tədris ocaqları payız tətilinə çıxıb, “fağır” – dövlət təhsil müəssisələrində isə tədris davam edir. Onlara “siz oxumalısınız” əmri verilib. Xatırladaq ki,  ümumtəhsil müəssisələrində payız tətilinin olub-olmayacağı məsələsinə bir müddət öncə aydınlıq gətirən Təhsil Nazirliyinin məlumatında qeyd olunurdu ki, “Azərbaycan
 Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunur. İbtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük ümumi təhsil müəssisələrində 19 noyabr tarixi payız tətili, 6 günlük ümumi təhsil müəssisələrində isə 19-20 noyabr tarixləri payız tətilidir. Ümumi orta (V-IX) və tam orta səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixləri isə dərs günləri hesab olunur (ümumtəhsil müəssisələrində adətən 16-20 noyabr tarixləri payız tətili hesab olunurdu). Pandemiya səbəbindən bu tədris ili I-IV siniflər üzrə dərslər sentyabrın 22-dən, yuxarı siniflər üzrə 29-dan start verilib. Təhsil naziri Emin Əmrullayev də yeni tədris ili ərəfəsi öz açıqlamasında dərslərin 1-2 həftə gec başlamasının nəzərə alınacağını və tətillər hesabına kompensasiya ediləcəyini bildirmişdi.