Axır ki, tələbələr sevinəcək...

Tələbə yataqxanalarının bərpasına və tikintisinə başlanır

Bu, həm də kirayə haqlarının aşağı düşməsinə səbəb olacaq

Bakı Dövlət Universitetinin yeni yataqxanalarının tikilməsi üzərində iş gedir. Bununla bağlı dövlət-özəl tərəfdaşlığı əsasında hər həftə müzakirələr aparılır. Bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib. Universitetin yeni tikilən 225 nəfərlik yataqxanasının əsaslı şəkildə təmir olunduğunu deyən rektor qeyd edib ki, yataqxana tələbələr üçün lazımi vəsaitlərlə təmin olunub: “BDU-nun əvvəlki tələbə şəhərciyində xoşagəlməz vəziyyət var idi. Oranı hasarladıq və indi ərazi xüsusi mühafizə altındadır, kənar şəxslərin girişi mümkün deyil”.

Tələbələrin yataqxana problemi həllini tapırsa, əlbəttə, bu sevindirici haldır. İllərdir ki, xüsusən də Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın böyük bir hissəsi paytaxtdakı yataqxanalarda, o cümlədən tələbə yataqxanalarında məskunlaşmışdı. Son illərdə aparılan dövlət siyasəti həm də məcburi köçkünlər üçün yeni qəsəbələrin salınmasını əhatə edirdi. Ayrı-ayrı müəssisələr, ali məktəblərə məxsus yataqxanalar getdikcə boşaldılır, müvəqqəti sakinlər yeni mənzillərlə təmin edilirdi. Bununla belə yataqxanalar hələ də öz həqiqi sakinlərinə qapılarını açmayıb. Hətta yenilənən, abadlaşdırılan yataqxanalar var ki, onlar da tələbə qəbulunu hələ ki həyata keçirmir. Bu isə məlumdur ki, tələbələrə sıxıntı yaradır. Bölgələrdən paytaxta ali təhsil  ardınca gələn gənclər mənzil kirayələməyə məcbur olur. Və maddi çətinliklərlə üzləşirlər. BDU rektorunun tələbə yataqxanaları ilə bağlı açıqlamasını tələbələr çoxdan gözləyirdi.         

Təhsil eksperti Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında bildirdi ki, müşahidələr tələbə yataqxanalarının heç də xoşagələn vəziyyətdə olmadığını göstərirdi: 

- Əlbəttə, çox sevindiricidir ki, tələbə yataqxanalarının təyinatına görə istifadəsi üçün işlər gedir. Əvvəlki illərlə bu günü müqayisə etdikdə, artıq görürük ki, bu istiqamətdə işlər sürətlənib. Tələbə yataqxanasının olması, kirayə haqlarının da aşağı düşməsinə səbəb olacaq. Tələbələr üçün ev, kirayə problemi həmişə olub. Lakin yataqxanalar bu vəziyyəti yüngülləşdirə bilər. Bu gün yataqxananın yenidən təmiri, özü də müasir avadanlıqlarla təmin olunması çox yaxşıdır. Bakı Dövlət Universiteti kimi bir ali məktəbin indiyə qədər yataqxanasının arzuolunmaz səviyyədə qalması məyusedici hal idi. Şükür ki, bu vəziyyət artıq düzəlir. Digər böyük universitetlərdə də yataqxanalarla bağlı kardinal dəyişikliklərin olması vacibdir. Tələbə yataqxanası varsa, valideyn də  rahat olur ki, ümumi bir nəzarət vardır. Tələbələrin özü üçün də yataqxana daha rahatdır. Həm maddi baxımdan, həm də sosiallaşma baxımından.