Seçki şəffaf olacaq

8 fakültə dekanı və 29 kafedra müdiri vəzifəsi boşdur

BDU-nun dekan vəzifələrinə başqa ali məktəblərin müəllimləri də namizədliklərini irəli sürə bilər

Təhsil Nazirliyi Bakı Dövlət Universitetində dekan və kafedra müdiri vəzifəsinə qəbul üçün müsabiqə elan edib. Təhsil Nazirliyinin məlumatında qeyd olunur ki, ali məktəbdə 8 fakültə dekanı və 29 kafedra müdiri vəzifəsi boşdur. Müsabiqədə iştirak etmək üçün sənədlər 1 ay müddətində qəbul ediləcək. Rəhbər vəzifələrin boş qaldığı fakültə və kafedralar arasında Mexanika-riyaziyyat, Fizika, Geologiya, Tarix, Filologiya, Sosial elmlər və psixologiya, Kitabxanaçılıq-informasiya, Biologiya fakültəsi, Nəzəri-fizika, Ümumi fizika və fizikanın tədrisi metodikası, Astrofizika, Fiziki elektronika, Yarımkeçiricilər fizikası, Ümumi və tarixi geologiya, Seysmologiya və Yer təkinin fizikası, Botanika və bitki fiziologiyası, Molekulyar biologiya və biotexnologiyalar, Rus dili kafedrası (humanitar fakültələr üzrə), Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası və sair, ümumilikdə 29 kafedraları var. 

Müsabiqə ilə bağlı “Şərq”ə məlumat verən Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru Kamran Əsədov qeyd etdi ki, dekan və kafedra müdiri vəzifələrinə hər 5 ildən bir seçki keçirilir: 

- Bu, uzun illərdir ki, belədir. Fakültə dekanı və kafedra müdiri vəzifələri seçkilidir. Bu vəzifələrə hər 5 ildən bir müsabiqə elan olunur. Ali məktəblərin rektorları ölkə Prezidentinin sərəncamı ilə təyin olunur. Amma o da  5 illik. Yəni istər rektor, istərsə də fakültə dekanı, kafedra müdiri vəzifələri müddətlidir. Sadəcə, fərq bundadır ki, rektor Prezident tərəfindən təyin edilir, dekanlar, kafedra müdirləri isə seçilir. Əvvəllər də bu belə olub, amma proses qapalı aparıldığı üçün ictimaiyyət bundan xəbər tutmurdu. Daxildə, öz aralarında qapalı seçki aparıb, dekan, kafedra müdiri “seçirdilər”.  5 illik müddət bitdikdən sonra açıq şəkildə müsabiqənin elan edilməsi prosesin daha şəffaf aparılmasına kömək edir. 

K.Əsədov bildirdi ki, BDU-nun 17 fakültəsindən 13-də dekanların 5 illik müddəti artıq başa çatıb. 8 fakültə üzrə seçkilər indi keçiriləcək, 5-də isə bir qədər sonra: 

- Müsabiqədə hər kəs iştirak edə bilər. Şəxs özü namizədliyini irəli sürür.  “Hər kəs” deyərkən, müsabiqəyə yalnız BDU-nun müəllimlərinin qatıla biləcəyi şərtinin  olmadığını bildirmək istəyirəm. Başqa ali məktəblərin pedaqoji heyətinə daxil olanlar namizədliklərini irəli sürə bilər. Təbii ki, bir sıra şərtlər var. Məsələn, namizədin elmi dərəcəsinin, 5 illik pedaqoji iş təcrübəsinə malik olması, dərc olunmuş elmi məqalələri və sair. Həmçinin, namizəd platformasını da təqdim etməlidir. Nə edəcək, idarəetmədə hansı yenilikləri həyata keçirməyi düşünür və sair. 

K.Əsədov onu da qeyd etdi ki, baxmayaraq müsabiqə ümumi şəkildə, hər kəs üçün elan edilir, çox zaman fakültə dekanı, eləcə də kafedra müdirləri vəzifələrinə 5 illik müddəti bitmiş dekan və kafedra müdirləri yenidən təsdiqlənir:

- Hətta bəzən iki 5 illik müddətdən sonra yenə dekan və kafedra müdirləri olanlar da var.