Azərbaycanlı tələbələr Türkiyədə təhsilə üstünlük verir

Rafiq İsmayılov: "Ona görə ki, Türkiyədə təhsil Avropa standartlarına uyğundur"

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Azərbaycanın qardaş Türkiyə ilə təhsil sahəsində sıx əməkdaşlıq əlaqələri mövcuddur.  Azərbaycan gənclərinin xaricdə təhsil baxımından ən çox seçim etdiyi ölkə məhz Türkiyədir. Təbiidir. Türkiyə ilə Azərbaycanın bağlılığının kökündə dayanan amilləri sadalamağa bizcə, ehtiyac yoxdur. Son illərdə Azərbaycanla Türkiyə təhsil sahəsində qarşılıqlı bir çox yeniliklərə də imza atıb. Bu barədə Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvar Azərbaycana səfəri zamanı danışıb. Xatırladaq ki, hazırda E.Özbarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Azərbaycanın Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 Nazir qeyd edib ki, bu görüşün iki qardaş ölkənin ali təhsil sahəsində əlaqələrinin möhkəmlənməsində mühüm addım olacağına inanır. Görüşdə ali təhsil sahəsində mövcud əməkdaşlığa və gələcək perspektivlərə dair geniş fikir mübadiləsi aparılıb, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində 2021-ci ilin sentyabr ayından etibarən Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universiteti arasında kənd təsərrüfatı sahəsində həyata keçirilən ikili diplom proqramı  ikitərəfli əməkdaşlığın uğurlarından biri kimi qiymətləndirilib. 

“Türkiyə universitetlərini bitirmiş azərbaycanlı gənclər Azərbaycan, Türkiyə və Türk dünyasına böyük töhfələr verəcəklər”. Bunu Türkiyə Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu) rəhbəri Erol Özvar qeyd edib. Erol Özvar Azərbaycanın Təhsil naziri Emin Əmrullayevlə görüşündə ali təhsil sahəsində əməkdaşlığa dair yeni mesajlar verib. Nazir Emin Əmrullayevi və onu müşayiət edən nümayəndə heyətini qəbul etməkdən məmnunluğunu ifadə edən Erol Özvar qeyd edib ki, bütün sahələrdə olduğu kimi, ali təhsil sahəsində də Azərbaycanla çox dərin kök salmış münasibətlərimiz var: 

“Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ali Təhsil Şurasının nümayəndə heyəti kimi ali təhsil sahəsində yeni işgüzar əlaqələrin yaradılması üçün çox səmərəli müşavirə keçirəcəyik. İki qardaş ölkə kimi ali təhsil sahəsində atacağımız yeni və önəmli addımlarla iki ölkə arasında təhsil əlaqələrinin daha da dərinləşdirilməsi iradəmizi ifadə etmək istəyirəm". Türkiyədə 25 minə yaxın azərbaycanlı tələbənin təhsil aldığını bildirən Özvar deyib: "Türkiyə universitetlərində təhsilini başa vurmuş bu tələbələr ilk növbədə Azərbaycan, Türkiyə və Türk dünyasına böyük töhfələr verəcəklər”.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti də Türkiyədə səfərdə olmuşdu və səfər çərçivəsində Türkiyənin Milli təhsil naziri Mahmut Özərlə görüş keçirilmişdi. Həmin günlərdə İstanbulda keçirilən Türk Şurasının Təhsil Nazirlərinin Konfransında türk dövlətləri arasında təhsil sahəsində əməkdaşlıqla bağlı mühüm razılıqlar əldə edildi. Türkiyənin İstanbul şəhərində Türk Şurası Təhsil Nazirlərinin 6-cı iclası və Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 4-cü iclasında çıxış edən Emin Əmrullayev TDƏŞ çərçivəsində təhsil sahəsində irəli sürülən təşəbbüslər yönündə görülən işlər haqqında məlumat verib. Nazir “XV əsrə qədər Ortaq Türk Tarixi” dərsliyinin 2019-2020-ci tədris ilindən etibarən 151 yerli ümumi təhsil müəssisəsində fakultativ fənn kimi tədris olunduğunu bildirib. Bundan başqa, Təhsil Nazirliyinin ümumi təhsil müəssisələri şagirdlərinin mübadiləsində aktiv iştirak etməsi, 17-24 mart 2018-ci il tarixlərində keçirilmiş ikinci mübadilə proqramına ölkəmizin ev sahibliyi etməsi xüsusi vurğulanıb. Nazir həmçinin ali təhsil sahəsində əlaqələrin dərinləşməsi baxımından mühüm rola malik Türk Universitetləri Birliyinin bir müddət öncə keçirilmiş 5-ci konfransında Azərbaycan Dövlət İqtisad Universitetinin Birliyin üzvü seçildiyini qeyd etmişdi. 

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın müsbət istiqamətindən məmnunluq ifadə edən fəlsəfə doktoru Rafiq İsmayılov əlaqələrin nəinki hər iki ölkə, həmçinin bütün türk dünyası üçün önəmli olduğunu vurğuladı:

- Türkiyə Cümhuriyyəti Ali Təhsil Şurasının sədri Erol Özvarın dediyi kimi, qardaş ölkədə 25 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Bu faktın özü ölkələrimiz arasında necə sıx əlaqələrin mövcud olduğunu təsdiq edir. Gənclər, tələbələr xaricdə təhsil barədə düşünərkən  Qərbi Avropa ölkələri, ABŞ-la yanaşı Türkiyədə təhsilə də üstünlük verirlər. Ona görə ki, Türkiyədə təhsil Avropa standartlarına uyğundur. Türkiyə ali məktəblərinin diplomları dünyada tanınır. Qardaş ölkə təhsil sahəsində innovativ yeniliklər həyata keçirir. Dünyaya çıxışları daha sürətlidir, genişdir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Təhsil Nazirliyinin Türkiyə Milli Təhsil Nazirliyi, eləcə də Türkiyə Ali Təhsil Şurası ilə birgə proqramlar həyata keçirməsi bizim təhsil sektoru, xüsusən də ali təhsildə  müsbət nəticələrə gətirib çıxaracaq. 

Qabaqcıl təcrübəni öyrənmək, ondan istifadə etmək həmişə xeyir gətirir. Birgə təhsil proqramları üzərində ciddi iş aparılmalı, bu proqramların icrasına ciddi də nəzarət olmalıdır.