Xəbər verdiyimiz kimi, paytaxtın Suraxanı rayonu 282 saylı orta məktəbində şagird nizam-intizam qaydalarını kobud şəkildə pozub. Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib. İddia edilir ki, məktəbdə şagird sinifdə şalvarını çıxardır, qız uşaqlarını küçə söyüşləri ilə təhqir edir. Buna səlahiyyəti şəxslər müdaxilə etmir:
“Yeddinci sinifdə təhsil alan şagird müəllimləri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir. Polisə müraciət olunur, anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edir. Amma polis gözünün qarşısında baş verən bu cinayətə reaksiya vermir, tədbir görmür. Böyük ehtimalla, o uşaq kimisə bıçaqlayacaq. Əlacı kəsilən valideynlər məktəbin qarşısında etiraz aksiyası keçirmək istəyirlər”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir:
“Rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatı yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq”.
Baş verən hadisə barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) açıqlama yayıb. Bildirilib ki, paytaxtdakı 282 nömrəli tam orta məktəbin şagirdi ilə bağlı BŞTİ müvafiq araşdırma aparır:
“Təhsil müəssisələrində tədris normal təşkil edilir. Uşaqların təhlükəsizliyi təmin olunur. Həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Davamlı olaraq zəruri maarifləndirmə işləri görülür”.
282 nömrəli tam orta məktəbdən verilən məlumata görə, məktəbin 7ç sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilib. 2 saylı Uşaq Evində məskunlaşmış şagirddir:
“Şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır. Sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir. Nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət edir. Lakin o, əsəbiləşərək müəllimlərə də zərər verir. Şagirdin anası da psixoloji cəhətdən qüsurludur.
Dekabrın 6-sı təxminən saat 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub.
Müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq, heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da ağırlaşdırır”.
Həmin şagirdin anası məktəbə hücum edib. Videogörüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, adıçəkilən məktəbdə hər kəsi hədələyən şagirdin anası müəllim kollektivinin üzərinə hücum çəkib. Onları təhqir edib.
Olaya münasibət bildirən təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a təəssüf hissi ilə bildirib ki, bu hallar son vaxtlar daha da artıb:
“Belə hadisələr say etibarilə bir məktəbdə müşahidə olunmur. Təkcə oğlanlar deyil, qız şagirdləri arasında da müəyyən xoşagəlməz hallar baş verir. Müasir dövrdə şagirdlərin smartfonlardan istifadəsi, müəyyən proqramlara qoşulması bəzi neqativlərə yol açır. Valideynlər buna nəzarət etmirlər. Bununla yanaşı təhsil müəssisələrində nəzarət çox aşağı səviyyədədir. Bəzi işlərlə bağlı sorğu məqsədilə məktəblərə gedirik. Görürük ki, yuxarı sinif şagirdləri müəllim sinifdə olmayanda kart oynayırlar. Bu, çox acınacaqlı vəziyyətdir. Halbuki şahmat və ya domino oynamaq daha məqsədəuyğundur. Qarşılaşdığımız digər mənzərələrdən biri şagirdlərin siqaret çəkməsidir. Direktor yalnız onlara acıqlanmaqla kifayətlənir. Bu hallar sadəcə gördüklərimizdir. Məsələnin görünməyən tərəfləri həddindən artıq çoxdur. Məktəblərin ərazisində istər valideyn-müəllim, istərsə də şagirdlər arasında mübahisələr yaranır. Bütün bunların baş verməsi mütləq qaydada tənzimlənməlidir. Problemlərin həll olması üçün Təhsil Nazirliyi (TN), BŞTİ, eyni zamanda Rayon Təhsil İdarələri ciddi cəhdlə çalışmalıdır. Müxtəlif maarifləndirici addımlar atılmalıdır. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələdə diqqətli olmalıdır. Həmçinin əfsuslar olsun ki, dövlətdən müvafiq layihələrin həyata keçirilməsi adı ilə qrant qeyri-hökumət təşkilatları var. Onlar sadəcə qrantlarını alıb, bir qıraqda çəkilib, otururlar. Heç bir maarifləndirmə işi görmürlər”.
Ekspert həmçinin əlavə edib ki, nizam-intizam qaydalarını kobud şəkildə pozan, psixoloji problemləri olan şagirdlər orta təhsil müəssisələrində saxlanmalı deyil:
“Onlar üçün internat tipli məktəblər var. Həmin şagirdlər ora yerləşdirilməlidir. Tədrislərinə orada nəzarət olunmalıdır. Şagirdlər müvafiq qaydalara riayət etmirsə, valideyn də bunu qəbul etməlidir”.