Şagirdlərin həyatı təhlükədə:“Qəzalı məktəblər restavrasiya olunmalıdır”

İmişli rayon Qaravəlli kənd tam orta məktəbinin binası illərdir, qəzalı vəziyyətdədir.  Hətta sinif otağında dərs zamanı siçovullar dolaşır. 1973-cü ildə inşa edilən məktəb binasında 153 şagird yeri var. Qaravəlli kənd sakinlərinin sözlərinə görə, vaxtilə təhsil aldıqları məktəb elə həmin dövrdə də, təmirsiz vəziyyətdə olub. Lakin hər zaman yüksək nəticələr göstərib. Odur ki, yeni məktəb binasının tikilməsi labüddür.  

Məsələ barədə İmişli Rayon Təhsil Şöbəsindən bildirilib ki, Qaravəlli kənd tam orta məktəbi uyğunlaşdırılmış binada yerləşdirilib. Təhsil Nazirliyi (TN) yeni məktəbin tikintisini plana salıb, təsdiq edib. Növbəti ildən yeni məktəb binasının inşası  nəzərdə tutulur. 

İstismara yararsız məktəblər barədə “Sherg.az” danışan təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb:

“Amma hələ də təmirsiz, istifadəyə yararsız məktəblər var. Dövlət başçısı tərəfindən prioritet məsələ kimi məktəb tikintiləri əsas götürülsə də, təəssüf ki, nazirlik tərəfindən bu istiqamətdə işlər ləng aparılır. 4430 məktəb mövcuddur, amma onlardan təxminən 100-dən çoxunun əsaslı təmirə ehtiyacı var. Xüsusilə də ucqar kəndlərdə bu tip təhsil ocaqlarına daha çox rast gəlinir. Dövlət bununla bağlı müvafiq proqramlar həyata keçirir. Hər il ölkə başçısının sərəncamı ilə modul tipli məktəblər tikilir. Bu modul tipli məktəblər ən azından təmirsizlər bərpa olunana kimi istifadəsi mümkündür. Həmçinin modul tipli məktəb formasında tədrisin davam etdirilməsi nəzərdə tutulur”. 

Ekspert qeyd edib ki,TN müvafiq olaraq bəzi layihələrin həyata keçirilməsi üçün  vəsaitlər ayırır:

“Təəssüf ki, bu tip kateqoriyya aid olan məktəblərin təmirinə biganə yanaşılır. Bunu açıq şəkildə deməkdən çəkinmirik. Təkcə İmişli deyil, Şamaxı, Quba, həmçinin ölkənin Qərb rayonlarını da hazırki durum əhatə edir. Həmin bölgələrdəki təhsil müəssisələri şagird sayı az olmasına baxmayaraq yenə də təmir olunmalıdır. Ən azından həmin ərazilərdə modul tipli məktəblər inşa oluna bilər. Şagirdlərin dərs oxumaq imkanları daha da yaxşılaşdırılmalıdır.Tədrisin təşkili və reallaşdırılmasına uyğun daha çox təhsil ocaqları olmalıdır. Onlar istilik sistemi ilə təmin olunmayan, əlverişsiz imkanlara malik siniflərdə təhsilini davam etdirə bilməyəcək. Bütün bunları TN, müvafiq qurumlar nəzərə almalıdır”. 

E.Əfəndi diqqətə çatdırıb ki, tədris ilinin müəyyən bir hissəsini başa vurmuşuq:

“Növbəti tədris ili başlayana qədər təmirsiz, dağılmış məktəblər restavrasiya olunmalıdır. Eyni zamanda onların əvəzinə yeni məktəblər tikilməlidir. İddia edirəm ki, şagird sayı az olan məktəblər modul tiplilərlə əvəzlənə bilər”.