Ekspertdən narazılıq: “Dərsliklərimizdə “şedevr” nümunələr...”

Sosial şəbəkələrdə şagirdlərin riyaziyyat dərsliklərindən birinə salınan məsələni istfadəçilər ciddi şəkildə qınayıb. Məsələdə qeyd olunub: " Arzunun 16 şarı vardır. Dostuna neçə şarı versə 9 fındığı qalar?".

Təhsil eksperti Nabatəli Qulamoğlu dərsliklərdə yol verilən belə yalnışlıqlardan “Sherg.az”a danışıb. O diqqətə çatdırıb ki, bir dərsliyin yoxlanması üçün əlavə olaraq beş ekspert fəaliyyət göstərir:

"Necə olur ki,onlardan biri bu məsələdəki məntiqsizliyi görmür?! Bir qalxıb deməyib ki, əvvəldə şardan söhbət getdiyi halda sonda fındığın burda nə işi var?!Texniki səhv olsa idi, hardasa bağışlamaq olardı. Amma elə deyil axı. Nə dərəcədə diqqətsiz olasan ki, belə səhvə yol verəsən”.

Təhsil ekspertinin fikrincə, məsul şəxslər bu işdə cavabdehlik daşımalı və belə hallara görə müəyyən cərimələr tətbiq edilməlidir:

“Təbii olaraq ictimai qınaq da lazımdır.Təəssüf ki,bizdə cəza metodları  olmadığı üçün dərsliklərdə  belə “şedevr” nümunələrə rast gəlirik”. 

N.Qulamoğlunun sözlərinə görə,bu birmənalı olaraq dərslik tərtib edənlərin öz işlərinə və gələcəyimiz olan təhsilə qeyri-ciddi münasibətidir.