Təhsil sistemində son ildə proqres var


Əvvəllər işləri bacaranlara yox, əqrəbaya ötürürdülər

   Körpələr evlərində və uşaq bağçalarında yeni vəzifələrin yaradılması fikri irəli sürülüb.  Bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Məruzədə körpələr evlərində və uşaq bağçalarında “uşaq psixoloqu” və “erkən inkişaf üzrə mütəxəssis” ştat vahidləri müəyyən edilsin deyə bildirilib. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 nömrəli “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı haqqında” Qərarında müvafiq dəyişikliklərin edilməsi təklif edilir.

Qeyd edək ki, məruzə Milli Məclisin martın 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Psixoloq Elmir Əkbər "Şərq"ə açıqlamasında bildirib ki, çoxdan atılmalı addım idi:

"Bəzi hallarda çətin situasiyalarla qarşılaşsaq da, ümumilikdə təhsil sistemində son ildə proqres var. Problemlərə diqqət ayırırlar və düzəltməyə çalışırlar. Əvvəllər belə təşəbbüslərin sayı az idi. Hətta hazırda təhsildə gördüyümüz xoşəgəlməz məqamların səbəbini 15-20 il əvvəldə axtarmalıyıq. Hər bir problem toxum kimi əkilir, 20 ildən sonra onun məhsulunu yığırıq".

E.Əkbər onu da əlavə edib ki, adıçəkilən ştatlara çox ciddi ehtiyac var:

"Vaxtında, yerində verilmiş bir qərardır. Çox gözəl bir təşəbbüsdür. Azərbaycanda bütün layihələrin evini yıxan, işimizə əngəl törədən nədir? İşə qohumların cəlb edilməsi. Çünki işləri bacaranlara yox, əqrəbaya ötürürlər. Əvvəllər layihə tenderə çıxmamışdan qohumlar bir "təşkilat" yaradır və proyekti udurdu. Ona görə də tədbirlərin faydasını görə bilmirdik. Buna səbəb isə onu reallaşdıranların qeyri-peşəkar olması idi".

Psixoloq diqqətə çatdırıb ki, Azərbaycanda klinik psixologiya, psixoterapiya məktəbi yoxdur: 

"Doğrudur, ölkəmizdə psixoloq hazırlayan universitetlər mövcuddur.  Lakin psixoterapiya və kliniki işləri başıçıxan insanlara həvalə etsinlər. Nəhayət ki, 2022-ci ildə Azərbaycan Psixologiya və Psixoterapiya Assosiasiyası yaradılıb. Diplomunda psixoterapevt, klinik psixoloq yazılan insanlar bu işlərlə məşğul olmalıdır. Əks təqdirdə nəticə əldə edə bilmərik".