Təhsilin İnkişaf Fondu yaradıldı: "Tələbə və təhsilə böyük dəstək olacaq"

Təhsil Nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda da dəyişiklik edib.
Dəyişikliyə görə, Təhsilin İnkişafı Fondu Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Təhsil üzrə ekspert Elçin Əfəndi "Şərq"ə açıqlamasında qeyd edib ki, ölkə başçısının yeni imzaladığı sərəncama görə, hər il 400 vətəndaşımızın 2022-2026-cı il dövlət proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilməlidir: 

"Qurumun yaranmasının xidmət etdiyi aspektlərdən biri də həmin şəxslərin maliyyələşməsinin həyata keçirilməsidir. Yəni dövlət büdcəsi hesabına baş tutacaq. Bundan başqa, Təhsilin İnkişaf Fondu təkcə həmin tələbələri deyil, həmçinin ölkədə təhsillə bağlı layihələrin reallaşmasını dəstəkləyəcək. Eyni zamanda status daşıyan vətəndaşların təhsil haqlarının müəyyən qədər ödənilməsinə yardım edəcək. Bu da ümumilikdə onu deməyə əsas verir ki, ən azı bu qurumun yaranması təhsilə ümumi dəstək vermiş olacaq. Bildiyimiz kimi, maddi cəhətdən imkansız olan tələbələrlə bağlı Təhsil Tələbə Kredit Fondu təsis edilib. Hazırda "Təhsilin İnkişaf Fondu" da müəyyən qədər bu işlərin görülməsinə öz dəstəyini əsirgəməyəcək". 

Ekspert əlavə edib ki, prioritet istiqamət kimi təhsil müəssisələrinin müasir dövrün tələblərinə uyğunlaşması əsas götürüləcək: 

"Fondun büdcəsinin formalaşması daha çox təhsil müəssisələrinin əldə etdikləri gəlirlər, ianələr, müxtəlif qrant layihələr hesabına reallaşacaq".