Bu tələbələrin NƏZƏRİNƏ: Diplomların tanınmasında diqqət edilməli mühüm məqamlar...

Mart ayı üçün xarici diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, ötən ay 98 müraciətçinin 71-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 27 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 17, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 4, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 3, digər səbəblər üzrə 3 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Tanınmayan diplomlarla bağlı “Sherg.az”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki,   bəzi universitetlərin təhsil alma forması bizim normativ  hüquqi aktlara uyğun olmadığı üçün diplomları tanınmır:

“Bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə təhsil almağa üz tuturlar. Bəzi xarici təhsil xidməti göstərən şirkətlər valideyin və abituriyentlərin məlumatsızlığından istifadə edərək onları bu formada təhsil almağa yönəldirlər. Bəli, həmin universitetlər Azərbaycan tərəfindən tanınır, ixtisas ölkəmizdə tanınır, amma təhsilalma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün onların diplomları tanınmır. Həmin şirkətlər valideyn və abituriyentə Təhsil nazirliyi tərəfindən həmin universitetin tanındığını göstərir. Hətta bu barədə nazirliyin müvafiq idarəsinin rəsmi saytında da məlumat var. Ammma onlar unutmamalıdır ki, universitetin ölkəmizdə rəsmi tanınması onun təhsilalma formasının da tanınması demək deyil.Təəssüflər olsun ki, tələbələr lazımi araşdırma etmədən və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsilə müraciət edirlər. Sonda isə zamanlarını boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan və keçərsiz olan diplom əldə edirlər. Nəticə etibari ilə əmək fəaliyyətini icra edə bilmirlər, iş tapmaqda çətinlik çəkirlər”.

Ekspert  vurğulayıb ki, diplomların tanınmasına aid mənfi qərar bir neçə xüsusi hallarda verilə bilər:

“Əgər tələbə ali təhsil müəsisəsində tələb olunan müddətdən az vaxt keçiribsə, bu hal baş verə bilər. Bu prosedurdan əmin olmaq üçün Təhsil Nazirliyi tələbənin xarici pasportunda ölkədən giriş-çıxış möhürlərinə diqqət edir və bununla da Nazirlik bilmək istəyir ki, tələbə həqiqətən təhsil aldığı ölkədə yaşayıbmı və kifayət qədər vaxt keçirib yoxsa keçirməyibmi. Buna görədə tələbələr çalışmalıdırlar ki, üzrlü səbəblərdən dolayı ölkədən giriş-çıxış etsinlər və diqqətli olsunlar.Təhsilin məzmunu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması, yəni sizin burada hər hansı bir dil sertifikatınızın olmalıdır. Bu situasiya ilə qarşılaşmamaq üçün sizin İELTS və ya TOEFL sertifikatınızın olması sizə çox köməklik edəcəkdir. Ən əsas göstəricilərdən biri isə odur ki, əgər sizin əyani və ya qiyabi təhsil aldığınız ixtisas Azərbaycanda yalnız əyani formada tədris olunursa bu halda diplom tanınmır. Buna görə də tələbə xarici təhsil üçün seçdiyi ixtisasın Azərbaycanda hansı formalarda tədris olunduğuna diqqət etməlidir.

Digər və ən önəmli məsələ diplom və əlavəsinin leqallaşması ilə bağlıdır. Çox vaxt eşidilən apostil möhürü də leqallaşmanın bir növü sayılır. Məsələ budur ki, apostil möhürü yalnız Haaqa Apostil Konvensiyasını imzalayan ölkələr arasında keçərlidir. Əgər təhsil aldığınız ölkə bu siyahıda deyilsə, bu zaman  diplom və əlavə həmin ölkənin qanunvericiliyinə uyğun olaraq leqallaşmalıdır. Leqallaşma mütləqdir, yəni bu möhür olmadığı halda, diplom tanına bilməz”.

K.Əsədov diplomların tanınması prosesində diqqət edilməli olan məqamları sadalayıb:

“Diplomun tanınma müddəti minumum 6 ay və maksimum 2 il ərzində həyata keçirilir. Bu prosedur uzun müddətli həyata keçirildiyindən dolayı tələbələr ölkəyə qayıdan kimi elektron ərizə vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Əgər siz xaricdə qiyabi təhsil almısınızsa, xüsusilədə Türkiyə, Ukrayna və Rusiya ölkələrində diqqət etməlisiniz ki, hər 2 smestr yəni 1 il ərzində ölkədən giriş-çıxış müddətiniz 30 günü keçməsin. Bu prosedur zamanı sizin telefonunuza mütəmadi olaraq bildirişlər gəlir. Məsələn, “Sənədlərinizin Ali təhsil müəssisəsinə göndərildi..” , “Ali təhsil müəssisəsindən sənədlərinizə cavab gəldi..” və s. Təhsil aldığınız ali təhsil müəssisəsinin Agentliyin məktubunu cavablandırması da nostrifikasiya prosesinə aid edilir. Sizin diplomunuzun tanınması proseduruna təqdim etdiyiniz sənədlər universitetə göndərildikdə Agentlik araşdırma edib ona uyğun olaraq mübət və ya mənfi cavab verir. 

Buna əlavə olaraq qeyd etməliyəm ki, əgər sizin Agentliyə təqdim etdiyiniz sənədlərlə, təhsil aldığınız ali təhsil müəssisəsinin təqdim etdiyi sənədlər eyni olmazsa, Agentlik sizin diplomunzu tanımayacaq”.