Məktəblər bağlanacaqmı? – Ekspert də istisna etmir, nazir də!

Emin Əmrullayev: “Pandemiya məsələsində sürprizlər hər zaman olur”

Elçin Əfəndi: “Distant təhsil bərqərar ola bilər”
 
Son günlərdə dünyada, eləcə də ölkəmizdə koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Ötən gün Azərbaycanda 306 nəfər korovarisua yoluxub.  Aktiv xəstələrin sayı isə 1 977 nəfər təşkil edir. Digər ölkələrdə də  vəziyyət ürək açan deyil. Koronavirusa ən çox yoluxma halları ABŞ-də, Hindistanda, Braziliyada, Fransada, Almaniyada aşkarlanıb. Ümumilikdə, dünyada koronavirusa yoluxanların sayı 574 316 254 nəfərə çatıb.
Digər tərəfdən yeni infeksiya növü olan meymunçiçəyi virusu dünyada yayılmağa davam edir. Elə bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı  meymunçiçəyi virusu üçün beynəlxalq fövqəladə hal elan edib.

Belə bir vəziyyətdə ən çox narahat olan şəxslər valideynlərdir. Məktəblərin açılmasına ay yarım qaldığı bir vaxtda valideynləri maraqlandıran əsas məsələ məktəblərin açılıb-açılmayacağıdır. Yoluxma artan templə davam etdiyi bir dönəmdə şagirdlərin məktəbə geri qayıtması müəmmalı məsələ kimi qalmaqda davam edir.

Bu məsələyə təhsil naziri Emin Əmrullayev də brifinqdə jurnalistlərin suallarını cavablandırarkən toxunub. O, bildirib ki, pandemiya məsələsində sürprizlər hər zaman olur:

“Payız aylarında koronavirusa görə ayrı-ayrı məktəblərdə siniflərin bağlanması ola bilər. Məktəblərin tamamilə bağlanması gözlənilmir”.

Təhsil eksperti Elçin Əfəndi durumla  bağlı öz gözləntilərini “Sherg.az”la bölüşüb. Ekspertin sözlərinə görə, aktiv xəstələrin sayı artarsa, müəyyən məhdudiyyətlər gözlənilə bilər:

“Koronavirusla bağlı hazırkı vəziyyətin təhlilində təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkəsində yenidən yoluxma hallarının artdığını görürük. Amma əvvəlki illərə nisbətən vəziyyət az da olsa, ürəkaçandır. İnsanların əksəriyyəti vaksinasiya prosesindən keçib. “Buster” dozalar vurulub. Nəticə etibarilə, yalnız faktiki yoluxma halı sürətlənərsə və aktiv xəstə sayı mövcud çarpayı ehtiyatının sayına çatarsa, müvafiq məhdudiyyətlərin tətbiq olunması gözlənilər. O cümlədən təhsil sahəsində də distant təhsil bərqərar ola bilər. Meymunçiçəyi virusuna görə isə ciddi qapanmaların olacağını düşünmürəm. Çünki bu infeksiya hava yolu ilə yox, sıx təmas vasitəsi ilə yayılır”.  

E.Əfəndinin fikrincə, təshil onlayn qaydada təşkil olunmamalıdır:

“ Dərslər ənənəvi qaydada davam etməlidir. Çünki bu zaman dərslərin mənimsənilməsi daha effektiv olur. Yəqin ki, qarşıdakı dövr ərzində Təhsil Nazirliyi tərəfindən müvafiq olaraq 2022-2023-cü tədris ilinin hansı qaydada keçiriləcəyi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.