Tələbələrin transferi nə zaman və hansı halda mümkündür?  - İZAH

Tələbələrin ölkə daxili və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi qış və yay tətili dövründə həyata keçirilir. Bu ilin yayı üçün köçürülmə prosesinə iyulun 25-də başlanılıb və sənəd qəbulu iyulun 31-də yekunlaşıb.

Tələbələrin köçürülmə prosesi ilə bağlı “Sherg.az”a danışan  təhsil eksperti Elçin Əfəndi bildirib ki, burda tələbənin ali təhsil müəssisənə qəbul olunduğu bal əsas meyar kimi götürülür: 

“Eyni zamanda həmin tələbənin akademik göstəriciləri müvafiq olaraq universitetə borcunun olmaması haqqında arayış başlıca tələbdir.  Hər hansısa ali, yaxud orta, eləcə də orta ixtisas təhsil müəssisəsi müvafiq dövlət qurumunun tabeliyindədirsə, həmin dövlət qurumunun razılıq məktubu da önəmli faktordur. Bütün bunlar yerində olduğu halda tələbənin köçürülməsinə icazə verilir”. 

E.Əfəndinin qənaətincə, xaricdə təhsil alan bütün tələbələrin ölkəmizin təhsil müəssisələrinə tranfer olunmasına şərait yaradılmalıdır: 

“Adətən yanlız dövlət xətti ilə qəbul olunanların transferinə icazə verilir. Yaxud da müvafiq olaraq attestatla xaricdə təhsil alanların ölkəmizdəki ali təhsil müəssisələri transferinə icazə verilir. Bu, bir yandan başadüşüləndir. Çünki onlar dövlət proqramı ilə , yaxud da, müvafiq qanunvericiliyin tələbi əsasında həmin ali təhsil müəssisəsinə qəbul olunmayıblar. Bir növ Elm və Təhsil Nazirliyi bu amili nəzərə alaraq onların köçürülməsinə icazə vermir. Bəzi şəxslər var ki, onlar öz hesablarına attestatla deyil, qanuni formada, müxtəlif beynəlxalq dərəcələr əsasında ali təhsil müəssisəsinə qəbul olunublar. Onların köşürülməsində də bəzən müəyyən problemlər yaşanır. Növbəti köçürülmə prosesində bu amillər mütləq nəzərə alınmalıdır”. 

Təhsil eksperti diqqətə çatdırıb ki, bu il də tələbələrin transferi ilə bağlı  həm bakalavr, həm də magistr səviyyəsində çoxlu müraciətlər var:

 “Artıq proses yekunlaşmaq üzrədir. Yəqin ki, qarşıdakı bir həftə ərzində Elm və Təhsil Nazirliyi tərəfındən köçürülmə üçün müraciət edən tələbələrin nəticələri açıqlanacaq”.