“Direktorların pul yığmasına imkan vermək olmaz”

Paytaxtdakı Texniki-humanitar liseydə direktorun ad günü münasibətilə pul yığılması barədə daxil olmuş məlumatla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb. Bu barədə İdarədən  cavab olaraq bildirilib. “Araşdırma zamanı məlum olub ki, 8 F sinfinin valideyni məktəb direktoruna gül buketi almaq üçün pul yığılmasını sinfin digər valideynlərinə təklif edib. Təklifi qəbul edən bir neçə valideyn kart vasitəsilə 5 manat pulu könüllü olaraq ödəyiblər.  Araşdırma nəticəsində pul yığımının qarşısı alınıb və toplanmış vəsaitlər geri qaytarılıb. Digər siniflərdə analoji hallar müəyyən edilməyib”, - deyə BŞTİ-dən bildirilib.

Bununla bağlı "Sherg .az" a danışan təhsil eksperti Kamran Əsədov bildirib  ki,  Elm və Təhsil Nazirliyi Azərbaycanda məktəblərdə olan nəzarəti tamamilə itirib. Ekspertin sözlərinə görə, geridə buraxılan son 2 ilə nəzər yetirdikdə məktəblərdə olan nəzarətin, qayda - qanunun düzgün formada olmadığı görünür:

“Ölkədə 4432 orta təhsil məktəbi fəaliyyətdədir və 1.6 milyon şagird təhsil alır. Hazırda məktəblərdə elə bir hal yaranıb ki, direktorun ad günü münasibətilə pul yığılır. Məktəblərə olan yanaşma biznes hesabı kimidir.  

Bəzən görünür ki, məktəblərdə olan ələmətdar günlər, təmizlik və təmir üçün yığılan pulun arxasında Elm və Təhsil Nazirliyinin özü durur. Onlar bu məsələlərə şərait yaradır. 

Yalnız sosial şəbəkələrdə mövzü müzakirələrə səbəb olduqda buna qarşı mübarizə aparılır. Xoşagəlməz davranışlara yol verən məktəb direktorları  Elm və Təhsil nazirliyinə arxayın olaraq məktəblərdə əksər çirkin əməli həyata keçirirlər. 

Təhsil işçilərinin etik davranış qaydalarına görə direktorların heç bir məqsəd üçün pul yığmasına imkan vermək olmaz. Bu qanunvericiliyə də ziddir. Dövlət büdcəsi məktəbləri tam olaraq təmin edir".

Şərqiyyə NƏBİ