Buraxılış imtahanlarına nazirliyin reaksiyası hiss olunmur

Yanlışlıqlar varsa deyilməli və həll olunmalıdır

  Elm və təhsil naziri ali məktəblərdə dövlət imtahanlarının ləğv edildiyini “müjdələyir”, halbuki bu, yenilik deyil. İctimaiyyət isə buraxılış imtahanlarının çətinliyindən narazıdır. Nəinki buraxılış imtahanlarının, hətta ümumiyyətlə orta təhsilin ləğvini tələb edənlər var. Təbii ki, bu hay-küy buraxılış imtahanlarının ağır keçməsi səbəbindəndir. İnsanlarımızın müvəqqəti qəzəbi orta təhsilin ləğvinə səbəb olmaz, inşallah. Amma bunca narazılıq nədəndir? Sosial şəbəkələrdə paylaşılan rəylər əsasında bu qənaətə gəlmək olur ki, orta ümumtəhsil bazası üzrə keçirilmiş buraxılış imtahanlarında suallar çox çətin olub. 

Xüsusən riyaziyyat və ana dili üzrə. Narazı qalanlar iddia edir ki, suallar tədris proqramı, şagirdlərin tədris ili ərzində çalışdıqları dərsliklər üzrə tərtib edilməyib. Dövlət İmtahan Mərkəzinin əvvəlcədən xüsusi jurnal vasitəsilə anons etdiyi suallar imtahana salınmayıb.      

  Məftun Əhmədov adlı istifadəçi riyaziyyat fənni üzrə sual haqqında yazır: Bu sual olimpiada sualıdır, buraxılışa salına bilməz qəti olaraq!!!

  Şəhla Fərəcova: DİM ilin əvvəlində buraxdığı jurnalda hansı mövzulardan sualların düşəcəyi barədə məlumatlar imtahanda öz əksini tapmadı. ƏBOB, ƏKOB-a aid suallar yox idi. 
  Xaqani Səfəroğlu: Riyaziyyatdan olan suallardan ciddi narazılıq var.

  Sevinc Elcan: Əgər yutuberlərin suallarından salacaq idilərsə, deyərdilər uşaqlar əziyyət çəkib 3 il repetitor yanına getməzdilər. Oturub onları izləyərdilər. Çox haqsızlıq oldu. Bunun cavabını verə biləcək bir kəs də yoxdur. Ölmüşük, ağlayanımız yox, belə yerdə yerinə düşür.
  Murad Səlimov: Çox çətindir. 
  Elsevər Rzayev: Nə yazırsız yazın, DİM hər şeyə bir cavab tapacaq. Fikirləri nədir, bilmək olmur. O, sualları tərtib edən müəllimlərin (müəllim deməyə dilim də gəlmir) heçmi vicdanları yoxdur?! Bu gün övladım özünü intihar etmək həddində idi. Yanından ayrıla bilmirəm. Nə qədər təskinlik vermişəm. Bu çətin dövrdə hərə zülmlə bir uşaq saxlayır. Bu gənclərin arzularını gözündə qoyanların, arzuları gözlərində qalsın. Allah bəlanızı versin. Bu, attestat imtahanı olmadı, başımıza bəla oldu. Ar olsun!
Mahirə Həsənova: Gəlin çağırış edək, DİM-dən cənab Prezidentə şikayət edək. Belə olmaz, övladlarımızın əziyyətini yerə vurublar.  Oğlum imtahan verən otağa Bakıdan gələn nəzarətçi tez-tez daxil olub, nəzarətçi müəlliməni söhbətə tutub. Axır iş o yerə çatıb, ən böyük nəzarətçi açıqlanıb ki, sən nə qədər bu otağa girəcəksən? Axırda uşaqların yanında həmin zal nəzarətçisi müəlliməni çaya dəvət edib. Sizcə, bu, nə dərəcədə doğrudur?
  Müəllim müəlim: Təhsilimizi bərbad günə qoyublar. Hələ dərslikləri demirəm. İndi də keçiblər imtahanlara. Şagirdlərin zəhmətini yerə  vurdu DİM. Mən dövlət başçısına səslənirəm. Bu quruma nəzarət edilməlidir.Builki imtahandan çoxlu şikayət var.
  Günay İman: Nəinki bu imtahanlarda, hətta məktəblərdə tərtib olunan summativlər sinfə və keçirilən dərsliyə uyğun olmur. Bir sözlə, təhsil ölüb, ağlayanı yoxdur.
  Gülnar Vəliyeva: Bu gün nə qədər uşağı ağlar qoydu DİM. Mənim qızım günorta saat 2-dən indiyə kimi dayanmadan ağlayır, sakitləşdirmək mümkün deyil. Çox savadlı uşaqdı, sınaqlardan 260+ yazırdı, bu gün 200-ü keçə bilməyib.
  Leyla Seyranzadə: Mart ayının 5-də övladım imtahan verib, eyni zamanda bir müəllimə kimi sizinlə tamamilə razıyam. 
  Simran Şirinov: Azərbaycan dilindən elmi-publisistik mətn, bir səhifə, riyaziyyat blok sualları, DİM-in buraxdığı vəsait nəyə lazımdı?  O qədər pul tök, uşaq əziyyət çəkib gecə-gündüz oxusun, yazsın, heç biri o kitablardan düşməsin, yaxşı tapıblar, türk dilindən mətni çevirib salıblar imtahana, lənətə gəlmişlər…
  Yeganə Abbasova: Vaxt nəzərə alınmır, Azərbaycan dilindən həcmcə böyük, ağır mətnlər salınır, uşaq hər sual üçün mətnə dönə-dönə qayıtmalı olur.... Nə uşaqların yaşı, nə psixologiyası, nə 3 fərqli fəndən imtahan verdikləri, nə vaxt məhdudiyyəti nəzərə alınır...Sanki təcrübəsiz şagirdləri yox, onların müəllimlərini imtahan edirlər, uşaqları belə sındırmaq olmaz...
  Natavan Hasilova: Buraxılış və qəbul imtahanları boş yerə uşaqların psixikasını və beynini yormaqdır. Türkiyədəki kimi məntiq və riyaziyyatdan olsa, sonra onsuz da oxuduqları lazım olmayacaq. 
  Elnurə Abuşova: Hörmətli Dövlət İmtahan Mərkəzi. Uşaqları niyə təhsildən uzaq, təhsildən incik salırsız? Birdəfəlik ləğv edin, bilək ölkədə qəbul yoxdu, xarici proqramlar üzrə hazırlaşaq. Azərbaycan dili sualları erməni budaq cümləsi olub, riyaziyyat səhv-sühv.... Ləğv edin orta məktəbləri də, yollardan yığışaq. Xarici ölkələrdən onlayn orta təhsil alsın uşaqlar. Bu qədər müəllim ordusunu büdcədən niyə saxlayırsız? Zatən ortada heç nə yoxdu...
  İlham Musayev: Çox düz. dövlət məktəbləri boşuna vaxt itkisidir, heç bir təhsil vermir uşaqlara. 
  Xəlil Xəlilov: İmtahandan sonra oglum təhsilə nifrət etdi.
  Vüqar Xəlilov: 2-ci sinif dərsliyinə baxıram, başa düşmürəm, Azərbaycan dilini ya mən yaxşı bilmirəm, ya da ki, dərsliyi hazırlayanlar...
  Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin sədri, fəlsəfə doktoru Kamran Əsədovsa baş verənlərə qısaca belə münasibət bildirdi: 
- Buraxılış imtahanları ölkədə miqyasına və əhatə dairəsinə görə ən böyük imtahandır. Ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün həlledici əhəmiyyət kəsb edir. Bu qədər vacib imtahana Elm və Təhsil Nazirliyinin reaksiyası hiss olunmur. Ölkənin 150 min orta məktəb müəllimi bu quruma tabedir. Ali təhsil müəssisələrində, AMEA-da və digər tədris-metodik mərkəzlərdə yüz minlərlə mütəxəssisi var. Amma özünü yox bir qurum kimi göstərir. Hələ AGMA adlı hər sezon 200 min manat pulu bəxşiş verdiyi, qondarma olimpiada keçirən təşkilatın "savadlı" üzvlərinin buraxılış imtahanında istifadə olunan test tapşırıqlarına münasibətini, reaksiyasını görmürəm. İşləri ancaq trolluq, yaltaqlıqdan ibarətdir. Normalda təhsilə, imtahanlara obyektiv qiymət verən təşkilatlanma olmalıdır. Normalda Elm və Təhsil Nazirliyi hər imtahan sonrası mütəxəssislərini yığıb onun keçirmədiyi, amma ona tabe yüz minlərlə şagirdin həyatı, gələcəyi üçün əhəmiyyət kəsb edən imtahanı, imtahan suallarını təhlil etməli, mövqe nümayiş etdirməlidir.  Amma hanı? Bildikləri, bacardıqları ancaq trolluq eləmək, dost-tanışlarını vəzifəyə gətirmək, dövlət büdcəsini qrant layihələri vasitəsilə talamaqdır.