Ali məktəblərə qəbulun sadə forması tapılmalıdır

Dünyanın heç bir ölkəsində abituriyent 5-6 fəndən imtahan vermir

  Ümumtəhsil məktəbləri üzrə buraxılış imtahanları xeyli söz-söhbət, narazılıq yaratdı. Vəziyyət o həddə çatıb ki, hətta test üsulunun ümumiyyətlə ləğvi istənilir. Səbəblərə keçəcəyik. Öncə Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarında test suallarının yanlışlığı iddialarına və narazılıqlara münasibətini açıqlayaq: “DİM-in məlumatında qeyd olunur ki, 5 və 12 mart 2023-cü il tarixlərində keçirilən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından sonra sosial şəbəkələr və ictimaiyyət arasında müəyyən müzakirələr aparılır.

Buraxılış imtahanları iştirakçıların əhatə dairəsinə görə ən kütləvi imtahanlar hesab olunur, həmçinin imtahanların nəticələri orta məktəbdə təhsil alan şagirdlərin yekun attestasiyası, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı nəzərə alınır. Bu baxımdan imtahanlara marağın yüksək olması və müzakirələrin aparılması başadüşüləndir və Dövlət İmtahan Mərkəzi tərəfindən anlayışla qarşılanır. Lakin müəyyən məqamları bir daha imtahan iştirakçılarının diqqətinə çatdırmaq istəyirik. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına daxil olan fənlərin proqramı 5-11-ci siniflərdə tədris olunan mövzuları əhatə edir. 11-ci sinifdə fevral ayından sonra keçirilən mövzular imtahanda istifadə olunmur. Buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqları ümumtəhsil müəssisələrində qüvvədə olun dərsliklər əsasında hazırlanır və müvafiq fənlər üzrə təhsil proqramı – kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət edir. Məlumat üçün bildiririk ki, respublikamızın təhsil sistemində 2008-ci ildən etibarən yeni təhsil proqramları (kurikulumları) tətbiq olunur. Təhsilin məzmunu dəyişərək “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçilib. Bu isə o deməkdir ki, tədris prosesində məqsəd təkcə biliklərin verilməsi deyil, bacarıqların da formalaşdırılması olmalıdır. Bu əsas götürülərək buraxılış imtahanlarında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə hazırlanmış imtahan modeli tətbiq olunur. Yəni imtahanda qapalı tipli tapşırıqlarla yanaşı, ətraflı yazılı cavab tələb edən tapşırıqlardan da istifadə olunur. Bu tapşırıqlar meyarlar əsasında qiymətləndirilir və bu, imtahan iştirakçılarının bilik və bacarıqlarının daha dəqiq müəyyən olunmasına imkan verir. Onu da bildiririk ki, belə tapşırıqlar aşağı siniflərdən başlayaraq dərsliklərdə istifadə olunur. Yuxarıda qeyd olunanlara uyğun olaraq 11-ci siniflər üçün buraxılış imtahanı artıq beşinci ildir ki, yeni model əsasında keçirilir və bu imtahanlar layihələndirilərkən həm orta məktəblərdə keçirilən monitorinq imtahanlarının, həm də son dörd ildə keçirilən buraxılış imtahanlarının elmi-statistik göstəricilərinə aid təhlillərdən də istifadə edilir. Bu təhlillər isə onu göstərir ki, imtahanla bağlı göstəricilər müxtəlif hazırlıq səviyyəsinə malik şagirdlərdən gözlənilən nəticələrə uyğundur və bu baxımdan illər üzrə göstəricilər bir-birinə çox yaxındır. Müqayisə üçün 2019-2022-ci illərdə keçirilən buraxılış imtahanlarında iştirak edən orta statistik şagirdlərin topladıqları ümumi balları da təqdim etmək istəyirik. Buraxılış imtahanında iştirak edən orta statistik şagird 2019-cu ildə 112.78, 2020-ci ildə 115.82, 2021-ci ildə 115.93, 2022-ci ildə isə 111.72 bal toplayıb. Bu il keçirilən imtahanlarda istifadə edilən tapşırıqlar da iştirakçıların cavablarının statistik təhlili əsasında bir daha araşdırılacaq və bu təhlil əsasında müvafiq məlumatlar ictimaiyyətə təqdim olunacaq. Bundan əlavə, hamıya məlumdur ki, DİM tərəfindən aparılan təhlillər nəticəsində testlərdə hər hansı uyğunsuzluq aşkar olunarsa, imtahan iştirakçılarının xeyrinə qərar qəbul olunur. Həmçinin yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi məqsədilə seçilmiş yazı işləri nümunəsi əsasında meyarlar dəqiqləşdirilərək ehtiyac yarandığı təqdirdə onlarda müvafiq düzəlişlər edilir. Nəticələr elan olunduqdan sonra iştirakçıların müraciətlərinə baxılması üçün apellyasiya komissiyası da yaradılır”. 

  DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin buraxılış imtahanları ilə bağlı geniş mətbuat konfransı keçirəcəyi gözlənilir. 

Millət vəkili Fazil Mustafa isə test üsulunun təkmilləşdirilməsini vacib sayır: “Ali məktəblərə qəbulda tətbiq edilən test üsulu heç bir halda uzunmüddətli və toxunulmaz formada qalmamalıdır. Ali məktəblərə qəbulun sadə forması tapılmalıdır. Mövcud qaydalara dəyişiklik edilməlidir. Əsas diqqət isə qəbula deyil, məktəbi bitirməyə yönəlməlidir”. "Bakupost.az"a açıqlamasında millət vəkili hazırlığa getməyən şagirdin məktəbi rahatlıqla tamamlayıb attestat ala bilmədiyini qeyd edib: “Tətbiq edilən test üsulu predmet haqqında geniş dünyagörüşünə sahib insan yetişdirmir, istər-istəməz, əzbərçilik çərçivəsinin içinə yönləndirir. Cavabları variantların birində göstərilən test forması savadlı insan yetişdirə bilməz. Savad yalnız konkret sahəyə aid biliklərə yiyələnmək deyil, həm də fikrin ifadəsidir, dolğun yazılı təsviridir, ümumi elmi dünyagörüşüdür. Ona görə də ən yüksək balla daxil olmuş insanların əksəriyyəti normal esse yaza bilmir, mütailə vərdişinə sahib deyil və nəticədə də tam yetkin mütəxəssis kimi yetişməkdə çətinlik çəkir. Test üsulu ilə universitetə qəbul olan gənclərin çoxu bədii ədəbiyyat oxumur. Gənclər arasında kütləvi bir tənbəlləşmə aurası görürəm və bu məni çox üzür”.
  Test üsulu ləğv edilməli, yoxsa təkmilləşməlidir? Təhsil problemləri üzrə ekspert Elçin Əfəndi “Şərq”ə açıqlamasında qeyd etdi ki, test üsulu əksər ölkələrdə fərqlidir: 
- Ondan başlayaq ki, Azərbaycanda buraxılış imtahanları 2019-cu ildən kurikulum əsasında keçirilir. Qiymətləndirmə də kurikulum əsasında aparılır.  Son illərdə imtahanlarda açıq tipli sualların sayı artıb. Bu da abituriyentlərə çətinlik törədir. Müəllimlər də narazıdır, şagirdlər də, valideynlər də. Açıq tipli tapşırıqların həllinə daha çox vaxt sərf olunur, qapalı – cavabı variantlarla verilən suallara alışmış şagirdlər açıq tipli tapşırıqların həllində çətinlik çəkirlər. Çünki repetitor hazırlığı da daha çox qapalı suallar üzərində qurulur. Suallar və cabablar demək olar uşaqların beynində kodlaşır. Əzbərçilik dediyimiz budur. Lakin DİM buraxılış imtahanlarında 100 mindən artıq şagirdin iştirakını nəzərə alaraq sualların formatını buna uyğun tərtib etməliydi. Ümumi təhlillər aparıldıqdan sonra test tapşırıqlarında elmi və ya texniki xəta olduğu aydınlaşacaq. Hələ ki, bu məsələdə dəqiq fikir bildirmək mümkün deyil. 
  Test üsulunun ləğvi və ya təkmilləşdirilməsinə gəlincə, Elçin Əfəndi qeyd etdi ki, dünyanın heç bir ölkəsində abituriyent 5-6 fəndən imtahan vermir: 
- Bizə ən yaxın, qardaş Türkiyəni misal çəkim. Türkiyədə YÖS və AES imtahan sistemi var. Buna müvafiq olaraq da abituriyentlər 2, ya da 3 əsas fəndən – məntiq və riyaziyyat və Türk dilindən imtahan verirlər.  Məntiqi təfəkkür güclüdürsə,  deməli o, yaxşı həkim də ola bilər, yaxşı hakim də, yaxşı müəllim də. Baxın, bu günlərdə məlum oldu ki, 2 gənc qızımız (Fidan Qarayeva, Dəniz Səttarlı) ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna qəbul olunublar. Biri kimya, biri də riyaziyyat üzrə. Beynəlxalq imtahan sistemləri fərqlidir. Konkret fənn üzrə imtahan verib, uyğun balı topladınsa, ali məktəb tələbəsi olursan. Bizdə isə şagirdlər, xüsusən buraxılış siniflərində,  6-7 fənn üzrə hazırlaşır. Valideynlər 400 manatdan 2000 manatadək xərc çəkirlər.  Çünki orta məktəblərdə təhsilin keyfiyyəti aşağıdır, valideynlər məcburdur övladını məktəbdən kənarda hazırlaşdırsın. Niyə bizdə də ali məktəblərə qəbulda 1-2, maksimum 3 fəndən imtahan olmasın?!. Qəbul imtahanlarında fənlərin sayı mütləq minimallaşdırılmalıdır. Bundan başqa, dünyanın heç bir ölkəsimdə ixtisas qrupu deyilən bir şey yoxdur. Abituriyentlər bəri başdan bir ixtisas qrupu daxilində qalmağa məhkum edilmir, öncə imtahan verir, əldə etdiyi nəticəyə uyğun ixtisas seçir.  Abituriyentlər bir ixtisas qrupunda qalmağa məhkum olduğundan məcburdur oradakı ixtisasları, ali məktəbləri seçsin. Hansı ki, bunun əksi olarsa, topladığı bala uyğun ixtisas seçmək imkanı verilərsə, görəcək riyaziyyatı humanitar fənlərdən daha yaxşı bilir, texniki ixtisaslara istiqamətlənəcək, ya da əksinə, texniki fənlərdə müvəffəq olmadığını bilib humanitar və ya təbiət elmlərinə maraq göstərəcək. DİM-in keçirdiyi imtahanların şəffaflığına şübhə yoxdur. Lakin təkmilləşmə, fənlərin minimallaşdırılması, ixtisas qruplarının ləğvi zəruridir.