Dərsliklər bəzi bölgələrdəki məktəblərə göndəriləcək

"Azsaylı xalqların dili" fənni üzrə dərsliklər bütün ölkə məktəblərinə paylanmayacaq

  Ölkəmizin 14 bölgəsində azsaylı xalqların nümayəndəsi olan şagirdlər öz ana dilində də təhsil alır
I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə hazırlanan dərslik komplektləri növbəti tədris ilində məktəblərə çatdırılacaq. Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib. Qeyd edilir ki, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”ında ümumi təhsil müəssisələrinin I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə dərslik komplektləri hazırlanıb. Hazırda I-IV siniflər üçün "Talış dili", "Saxur dili", "Xınalıq dili" və I sinif üçün "Haput dili" dərslik komplektlərinin çapı üzrə işlər aparılır.

  Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan Konstitusiyasına və “Təhsil haqqında” qanuna görə, hər bir şəxsin ana dilində təhsil almaq hüququ var: 

- Azsaylı xalqların öz ana dilində təhsil alması insan hüquqlarının tərkib hissəsidir və Azərbaycan dövləti tərəfindən bu hüquq təmin olunur. Azsaylı xalqlar şəxsi  muxtariyyət hüququna malikdir, təhsil və mədəni muxtariyyətlərini həyata keçirməkdə sərbəstdirlər. Azərbaycanın qoşulduğu Avropa Xartiyası da bunu ehtiva edir. Azərbaycandakı tolerant mühit zatən bəllidir. Bu mənada bizim hər hansı xartiyanın tövsiyəsinə, qaydalarına riayət etməyimiz gərəkmir. Bütün azsaylı xalqların hüquqları, dilləri, mədəniyyətləri ölkəmizdə qorunur, bu, bizim dövlət siyasətimizin tərkib hissəsidir. Lakin azsaylı xalqların öz ana dilində tədrisi dedikdə, bəzən anlaşılmazlıq yaranır və düzgün izah edilmir. Azərbaycanda dövlət dili Azərbaycan dilidir. Azsaylı xalqlar da həmçinin ilk növbədə Azərbaycan dilində təhsil alır. Eyni zamanda artıq məlum olduğu kimi azsaylı xalqlara öz ana dillərini də öyrənmək, bu dildə təhsil almaq imkanı yaradılıb. Yəni azsaylı xalqların nümayəndələri dövlət dili ilə yanaşı öz ana dillərində də təhsil almaq imkanına malikdirlər. Ölkəmizin 14 bölgəsində azsaylı xalqların nümayəndəsi olan şagirdlər öz ana dilində də təhsil alır. Bura Lənkəran, Lerik, Quba, Qəbələ, Oğuz, Balakən, Zaqatala... və sair bölgələr aiddir. Bunun üçün tədris proqramları, hər cür metodiki vəsaitlər var. Azsaylı xalqların nümayəndələrinin əksəriyyət təşkil etdiyi orta ümümtəhsil məktəblərində ümumən tədris dövlət dilində olsa da, həftədə 2 dəfə ana dili – hər xalqın öz ana dili fənni tədris olunur. 
  K.Əsədov qeyd etdi ki, "Azsaylı xalqların dili" fənni üzrə dərsliklər bütün ölkə məktəblərinə paylanmayacaq. Azsaylı xalqların kompakt yaşadığı bölgələrdəki məktəblərə göndəriləcək. Bundan əlavə, ana dili fənninin keçilməsi də xalqların nümayəndələrinin öz istəyinə bağlıdır. Bu fənn məcburi deyil, hansı məktəb bu dərslikləri və ana dili fənninin tədris olunmasını istəyəcəksə, istəklərinə uyğun olaraq dərsliklər onlara çatdırılacaq.