May ayının sonunda tədris ilini yekunlaşdırmaq lazımdır

Bakı şəhəri və Mərkəzi Aran rayonlarında şagirdlərin isti hava ilə bağlı səhhətlərində problemlər müşahidə olunur

2022-2023-ci tədris ili üzrə məzun olan 11-ci sinif şagirdlərinin sayı açıqlanıb.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu il respublika üzrə 11-ci sinifləri 98 660 şagirdin bitirəcəyi proqnozlaşdırılır. Bu il “Son zəng” tədbiri 14 iyun tarixində keçiriləcək. Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq. “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin rəhbərlərinə tövsiyə edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görməlidirlər.
 
Qeyd edək ki, “Son zəng”in 14 iyun tarixində qeyd edilməsi ictimaiyyət tərəfindən ciddi narazılıq yaradıb. Hər dərs ilinin sonunda bu məsələ ictimai müzakirəyə çıxarılsa da, dəyişən bir şey yoxdur.



Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az”a açıqlamasında deyib ki, hələ may ayının 26-sıdı.  Bakı şəhəri və Mərkəzi Aran rayonlarında şagirdlərin isti hava ilə bağlı səhhətlərində problemlər müşahidə olunur. Artıq bir neçə məktəblinin ürəyi gedib, özündə narahatlıq hiss edənlər var: “Bu, bir daha təsdiq edir ki, may ayının sonunda tədris ilini yekunlaşdırmaq lazımdır. Bundan əlavə, artıq Azərbaycan bir neçə ildir ki, yay - qış vaxtına keçid etmir. Günəş daha erkən saatlarında çıxır. Ona görə də may ayında dərslər saat 8 də yox, 1 saat daha tez başlaya bilər. 15 gündür ki, hər gün izləyirəm, saat 6-da artıq hava kifayət qədər işıqlanır. İsti hava şəraiti ilə əlaqədar may ayında dərslər daha tez başlayıb, günortanın yüksək istisi düşmədən dərsləri bitirmək olar”.
K.Əsədovun sözlərinə görə, illər əvvəl təhsil müddətinin 14 iyuna qədər uzadılması ona görə həyata keçirilirdi ki, tədris yükü həddən artıq çox idi və proqramın tam şəkildə yerinə yetirilməsi mümkün deyildi. Lakin son 5-6 ilə baxanda görürük ki, dərslərin 14 iyuna qədər davam etməsi həm müəllimlərin, həm də şagirdlərin vaxtını alır. Yay aylarında şagirdlərin dərs oxumağa bir o qədər də həvəsi olmur. İyunun ortalarına kimi uzadılan dərslərin heç bir mənası yoxdur.