Nazirlik insanların ürəyini xəstə edib - Millət vəkili: "Xalq narazıdır"  

 Milli Məclisin bu gün keçirilən içlasında millət vəkili Razi Nurullayev Elm və Təhsil Nazirliyini ciddi tənqid atəşinə tutub. "Sherg.az"ın xəbərinə görə, millət vəkili qeyd edib ki, 90 - ci ilin əvvəllərindən
Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri olub və onlar lisenziya ilə fəaliyyət göstərib, diplom verib. İndi o şəxslərin işə düzəlmək problemi var, çünki Elm və Təhsil Nazirliyi o diplomları təsdiq etmir:

"Deyirlər ki, qanunsuz işləyərək diplom verib və s. Necə olub bu? Yerin altında fəaliyyət göstərib, yoxsa sehrli çubuqla özlərini görünməz edib? Onlar içərisində xeylisi var, o cümlədən Cənubi Rusiya Humanitar İnstitutu Bakıda olub, sərhəd çıxıb-getməyə ehtiyac olmayıb. 
Tələbələr 5 il oxuyub. İndi onların hamısı diplomunu təsdiq edə bilmir, kim işləyirsə, işdən çölə atılır, yaxud da iş yerində hər il stress yaşayır ki, yenə yoxlayırlar. Bunların ürəyi xəstə olub,  insanlar məhv olurlar.
O lisenziyanı kim verib, dövlət! Diplomu kim verib, dövlət! Kim şərait yaradıb, dövlət! Əzizlərim, niyə vətəndaşlara qarşı bu cür hərəkət edilir? Niyə günah vətəndaşın üzərində qalmalıdır? Bu məsələ mütləq həllini tapmalıdır və Elm və Təhsil Nazirliyinin yanaşması ölkədə böyük narazılıqlar yaradır. Onlar hər bir məsələdə vətəndaşı günahkar görür. 
Nəyə nail olmaq istəyirlər, bilmirəm. Həll yolunu onlar tapmalıdır, maneçilik etmək yox. Bəyənmirsən, bir illik kurs təyin elə, oxusunlar, imtahan versinlər. 
Kəsib atmağa nə var, faydalı iş odur ki, kömək edəsən, həll yolu tapasan. Nazirlər Kabineti bu məsələni həll edərdi. Məncə, Elm və Təhsil Nazirliyi doğru yanaşma və təklif ortaya qoymur. Elə kəsmək, doğramaq, ancaq və ancaq vətəndaşı günahkar çıxarmaq".

Millət vəkili bu problemlərin həlli üçün parlamentdən kömək istəyib.