Elmi nəşrlərin sayına görə Azərbaycan Avropada sonuncu yerdədir - Ekspert

Problem elmi nəşrlərin sayının azlığında yox, elm sahəsinin özündədir

"Bu sahədəki çatışmazlıqları həll etmədən elmi jurnalların sayını artırmağın heç bir mənası yoxdur”



  Hər bir ölkənin elmi inkişafı,  aparılan tədqiqatlar nəticəsində əldə etdiyi uğurların elmi çəkisi onun beynəlxalq aləmdəki nüfuzuna birbaşa təsir göstərir. Qloballaşan dünyada informasiyanın özünəməxsus çəkisi, prioritetliyi günbəgün artdıqca, elmi jurnallarda işıq üzü görən məqalələr, patent və ixtiralara olan tələblər də artır. Müxtəlif elm sahələri üzrə ixtisaslaşmış elmi jurnallarda, məcmuələrdə işıq üzü görən məqalələr müəlliflərlə yanaşı, onların çalışdıqları elm və təhsil qurumlarının, eləcə də təmsil etdikləri ölkələrin elmi nüfuzunu müəyyənləşdirərək ölkəsinin inkişaf səviyyəsinə təsir göstərən amillərdən biri kimi dəyərləndirilir.
  Azərbaycanda isə bu sahədə vəziyyət bir o qədər də ürəkaçan deyil.  Əhalinin hər 1 milyon nəfərinə düşən elmi nəşrlərin sayına görə Azərbaycan Avropada sonuncu yerdədir. Əhali sayı bizdən 3 dəfə az olan Ermənistan elmi nəşr sayına görə bizdən 2 dəfə yüksəkdir. 

Təəssüflər olsun ki, bir çox hallarda Azərbaycan alimləri özlərinin aktual elmi məqalələrini öz jurnallarımızda dərc etdirməyə maraqlı olmurlar. Onlar nüfuzlu xarici elmi jurnal axtarırlar.

 Təhsil eksperti Kamran Əsədov isə "Sherg.az"a açıqlamasında deyib ki, elmi jurnalların nüfuz qazanması, dərc olunan məqalələrin elmi səviyyəsindən, aktuallığından asılıdır. Jurnalın həcmi, orada dərc olunan məqalələrin çoxluğu onun nüfuz qazanmasında rol oynamır. Daha doğrusu, elmi jurnallar yalnız elmi məqaləni dərc etməklə kifayətlənmir. Mühüm elmi problemlərin tədqiqi məqsədilə elmi tədqiqat qrupları yaradıb,  elmi tədqiqat mərkəzlərinə, mütəxəssislərə araşdırma mövzuları tədqim edir. Bütün dünyada bu cürdür. Yəni elmi nəşrlər elmi mühitin formalaşmasına, elmin inkişafına dəstək verir. Azərbaycanda isə problem elmi nəşrlərin sayının azlığında yox, elm sahəsinin özündədir: "Bu sahədəki çatışmazlıqları həll etmədən elmi jurnalların sayını artırmağın heç bir mənası yoxdur. 
  
İlk növbədə onu deyim ki, hazırda neçə-neçə  bilikli, savadlı insanlar var, alimlik dərəcəsi ala bilmirlər. İllərlə Milli Elmlər Akademiyasının yollarında, institutlarında süründürülür. Nəyə görə? Axı kənardan izləyən hər bir normal vətəndaş bilir ki, savadlı insan, biliyinə güvənən alim rüşvət verməz. Buna görə də bilik səviyyəsi güclü olan çox alimlərimiz “alim” adını ala bilmir. Lakin təzada baxın ki, çoxlarının biliyinə şübhə etdiyi, açıq-aşkar hətta “primitiv savadı olan biridir” deyə münasibət bildirdiyi insan alimlik dərəcəsi ala bilir.
  
Hələ Sovet dövründən Elmlər Akademiyasının ayrıca bir quruma çevrilib təhsildən uzaqlaşması elm və təhsilin vəhdətini pozmuş, xüsusilə gənclərin elmi proseslərə qoşulmasına sədd çəkmişdir. Halbuki dünyanın bir çox inkişaf etmiş ölkələrində elmi-tədqiqat mərkəzləri məhz universitetlərin nəzdində fəaliyyət göstərir. Ona görə də, tələbələr çox erkən elmi yaradıcılığa cəlb olunur. Bugünkü hər bir referat özündə sabahkı geniş tədqiqatın rüşeymini daşıyır. Təəssüf ki, ölkəmizdə bu məsələ olduqca yarıtmaz vəziyyətdədir. Tələbələrin yazmalı olduğu kurs və buraxılış işlərinin, magistr dissertasiyalarının onlara satılması hamının bildiyi bir faktdır".
 
 K.Əsədovun sözlərinə görə, elmimiz qarşısında duran əsas problemlərdən biri dissertasiya mövzularının düzgün seçilməməsi ilə bağlıdır: "Elmi əsərlərin yeniliyinin düzgün anlaşılmaması bir çox hallarda elmi tədqiqat əvəzinə ortaya tərtibat və tərcümə əsərlərinin çıxması və bu əsərlərin də dissertasiya kimi müdafiə edilməsi ilə sonunclanır. Bəzən dəfələrlə işlənmiş mövzular yeni ad altında təqdim olunur, dissertant elmə heç bir yenilik gətirmədən deyilən fikirləri təkrarlayır. Təəssüflər olsun ki, bu cür dissertasiyalar bəzən heç bir çətinliklə üzləşmədən uğurla “müdafiə edilir”. Hətta çətinlik yaransa belə, dissertant əvvəl-axır dəyərsiz tədqiqatını işə keçirə bilir. Halbuki həqiqi istedadlar elmi işlərini müdafiə etmək üçün xeyli çətinliklərlə qarşılaşırlar. Bu yerdə məşhur bir deyim yada düşür: “İstedadlara yol verin, istedadsızlar özləri özlərinə yol açacaqlar”.
  
Azərbaycan elmində, xüsusilə humanitar sahədə “bu mövzu Rusiyada və yaxud ərəb ölkələrində işlənib, Azərbaycanda isə işlənməyib” arqumenti hökm sürür. Nəticədə dissertasiya işi elə həmin əsərlərin tərcüməsinə çevrilir. İndi dünyanın bir çox elmi tədqiqat mərkəzi arasında mübadilə imkanlarının artdığı, hər bir kəsin asanlıqla dünyanın hər hansı bir regionunda gedən elmi prosesləri izləmək şansının olduğu bir zamanda bu problem birdəfəlik həll olunmalı, Azərbaycan üçün yenilik anlamı dünya səviyyəsində yenilik gətirmə tələbatı ilə nəticələnməlidir. Bu tələbat elmimizə xas digər bir bəlanı, plagiat azarını da cilovlayar. Bəzən nəinki xaricdə yaşayan alimlərin əsərləri oğurlanır, hətta bir institutda, bir şöbədə, bir kafedrada işləyənlərin öz həmkarlarının zəhmətinin məhsuluna yiyələnməsi də baş verir. Eləcə də dünyasını dəyişmiş alimlərin haqqı da layiqincə qorunmur. Buna görə də müəllif haqları məsələsi bir daha gündəmə gəlməli, plagiatla məşğul olanlar cəzalanmalıdır. Çünki başqa bir müəllifin adını göstərmədən onun elmi işindən, monoqrafiyasından istifadə edib özününkü kimi təqdim etmək elmi etikaya tamamilə ziddir". 
  
Yüksək vəzifə tutan məmurların arasında bir xeylisinin  elmi dərəcəsi olduğunu xatırladan təhsil eksperti deyib ki, onların arasında elmi tədqiqat işindən xəbəri olmayanların sayı kifayət qədərdir: "Bu yolla Azərbaycan elmi nüfuz qazana bilməz. İstedadlı gənclərin elmə gəlməsinə, faydalı elmi-tədqiqat işləri aparmasına maneə olub, 
 saxta elmi işlər, elmi ad alanlar üçün dövlət büdcəsindən külli miqdarda vəsait sərf edirlər. Halbuki sərf olunan vəsait düzgün istiqamətə yönəlsə, Azərbaycan elmi dünyanın ən nüfuzlu,  etibarlı tərəfdaşı ola bilər".