15 minə yaxın gənc peşə təhsili almaqda maraqlıdır - Yeni bir dövr başlayıb

“Gənclərin ali təhsilli şəxslərə nisbətən əmək bazarında rahat şəkildə iş tapa bilməsi bu istiqamətə olan marağı artıran səbəblərdəndir”
  
Əmək bazarında qısa müddət ərzində peşəkar ixtisaslı kadrlara çevrilmək istəyən gənclərimiz peşə təhsilinə daha çox üstünlük verirlər. Ötən illər ərzində dövlət peşə təhsili müəssisələrinə qəbul olunanlar daha çox aşpaz, dərzi, qaynaqçı ixtisasına üstünlük verib. Bu səbəbdən də peşə təhsili müəssisələrinə qəbul planında sözügedən ixtisaslara daha çox yer verilib. Belə ki, 2023-2024-cü tədris ili üçün peşə təhsili müəssisələrinə qəbul planına 25420 yer ayrılıb.
  Bu barədə bu gün Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Ceyhun Kərəmov media üçün keçirilən brifinq zamanı deyib.
“Plan yerlərinin 18290 dövlət sifarişli, 7130 yer isə ödənişlidir. Ən çox plan yeri ayrılan aşpaz, dərzi, elektrik qaz qaynaqçısı ixtisaslarıdır”, - deyə o bildirib.
  Qeyd edək ki, peşə təhsili müəssisələrinə 2023/2024-cü tədris ili üzrə tələbə qəbuluna başlanılıb.
  Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında deyib ki, müasir dövrdə əmək bazarının inkişaf xüsusiyyətlərinə uyğun olaraq onun peşə ixtisasına, peşə biliklərinə malik şəxslərlə təmin edilməsi kifayət qədər aktuallıq kəsb edir: "Ümumilikdə dövlət və iqtisadiyyatın müəyyən sahələri üçün müvafiq ali təhsilli mütəxəssislərlə yanaşı, müxtəlif peşə sahələri üzrə zəruri bilik və vərdişlərə malik mütəxəssislərin hazırlanması da vacibdir. Müxtəlif sahələrdə çalışmaq üçün mütləq şəkildə ali təhsilə malik olmaq zəruri deyil. Bu mənada müəyyən peşə ixtisası üzrə biliklərin əldə edilməsi ilə də iqtisadi və sosial həyatın müəyyən sferalarında əmək fəaliyyəti ilə məşğul olmaq mümkündür. Peşə təhsilinin əhəmiyyəti həm də onunla bağlıdır ki, ümumilikdə əmək bazarının tələbatına uyğun olaraq orta məktəbi bitirən şəxslərin əmək bazarına ixtisassız girişinin qarşısı alınır. Eyni zamanda onların ilkin bilik və bacarıqlar ilə təmin olunması səbəbilə əmək fəaliyyətinə daha hazırlıqlı başlaması, daha sonra gələcəkdə inkişaf və karyera yönümlü istiqamətdə bu təcrübənin onlar üçün yararlı olması səbəbindən peşə təhsili mühüm əhəmiyyət kəsb edir”
  K.Əsədov hesab edir ki, son illərdə peşə təhsili müəssisələrinə qəbul olunanların sayının artmasına əsas səbəb illər ərzində peşə təhsili istiqamətində həyata keçirilən islahatlardır. Eyni zamanda hazırda peşə təhsili müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılır: "Son bir neçə ildə yeni peşə təhsili müəssisələri açılıb və onların texniki təminatı yenilənib. Eyni zamanda xarici ölkələrlə bu sahədə bağlanan əməkdaşlıq sazişləri nəticəsində bu sahədə yeni dövr başlamış oldu. Bu gün görürük ki, on beş minə yaxın gənc peşə təhsili almaqda maraqlıdır. Gənclərin ali təhsilli şəxslərə nisbətən əmək bazarında rahat şəkildə iş tapa bilməsi bu istiqamətə olan marağı artıran səbəblərdəndir”.