Məktəbli formalarının istehsalında vəziyyət necədir?  - AÇIQLAMA

Nə qədər məktəbli formaları lazımdırsa, istehsal olunacaq

Şalvar-ətək 25 manat, polo köynəklər 15 manatdır

  Məktəbli forması problemi start götürür yavaş-yavaş. Yenə də satış mağazaları qarşısında uzun növbələr, valideynlərin narazılığı, ölçülərin tapılmaması təkrarlanacaqmı? Elm və Təhsil Nazirliyi valideynlərə müraciət edərək məktəbli formalarını indidən əldə etməyə çağırıb. Elm və Təhsil Nazirliyinin müraciətində bildirilir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib: "Övladınızın təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərsiniz. Yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etməyiniz tövsiyə olunur".
  Məktəbli formalarının istehsalında vəziyyət necədir? Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov “Sherg.az"a açıqlamasında istehsalla bağlı hər hansı problem olmadığını dedi: 
"Nə qədər lazımdırsa, tikirik, istehsal edirik. İstehsalla bağlı heç bir problem yoxdur. 300 min dəst məktəbli forması istehsal etməyi hədəfləmişik. 10 mağazamız fəaliyyət göstərir, bütün ölçülərdə məktəbli formaları da var, satışdadır".  

  E.Əzimov bildirdi ki, NK tərəfindən təsdiqlənmiş 4 cür məktəbli formasının hər növünü, rəngini BTE istehsal edir: 
"Bizdən savayı daha 6-7 müəssisə də fəaliyyət göstərir, onlar da məktəbli forması istehsal edir. Ona görə də düşünmürəm ki, məktəbli formaları ilə bağlı çatışmazlıq yaransın". 
  E.Əzimov qeyd etdi ki, məktəbli formalarının qiyməti şalvar-ətək 25 manat, polo köynəklər 15 manatdır. Məktəbli formasında üst geyimini təşkil edən jilet və pencəklərin qiyməti isə 25-30 manat artası dəyişir.      
  Qeyd edək ki, məktəbli forması ilə bağlı narazılıqlar yenə səslənir. Valideynlər ötən il aldıqları formanın geyilməsinə yeni tədris ilində icazə verilməyəcəyindən gileylidirlər. Sosioloq Lalə Mehralı qeyd edib ki, ötən il bəzi məktəblərdə əvvəlki forma ilə paralel yeni forma tətbiq edilib. Lakin məktəbli formasının rəngini seçib şagirdlərə aldıran bəzi məktəblər bu il həmin formanı qəbul etmir, valideynlərə yeni rəng forma almağı tapşırırlar: 
"Dövlət televiziyasının efirində dediklərim təsdiqlənir bir-bir. Nazirliyin şöbə müdiri canlı efirdə dedi, mümkün deyil, bir forma seçəcəklərsə, elə həmişə onu geyinəcək o məktəbin şagirdləri. Dedim, axı ixtiyar vermisiniz, əminsiniz dəyişməyəcəklərinə? Çiynini çəkdi. Yeni formanın tətbiqində direktorlara ixtiyar veriblər ki, 3 ildən bir idarə heyətini topla, geyimi müzakirə et. "Müzakirə et" nə deməkdir? Təbii ki, “dəyişə bilərsən”, deməkdir. 3 il nədir, keçən il alınanı dəyişirlər. Xislətini tanımırıq, bilmirik direktorların?! Hələ tələsməyin, bir çoxu tikiş sexi açacaq".