Elektronlaşdırılma qeyri-şəffaflığın qarşısını alıb

İndi şagirdlərin yerdəyişməsi rahat şəkildə həyata keçirilir

Dünəndən etibarən  2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start verilib. Elm və Təhsil Nazirliyindən  bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün avqustun 7-si saat 15:00, 10-cu siniflər üçün isə avqustun 14-ü saat 15:00-dan aktivləşdiriləcək.
  
Valideynlər üçün elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi avqustun 31-i saat 18:00-a qədər davam edəcək. Onlar sentyabrın 5-i saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
  
Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardıma xidmət edir. Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradır. Şagird yerdəyişməsinin elektronlaşdırılmasından sonra  şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq mümkündür.

  Təhsil eksperti Nadir İsrafilov  isə hesab edir ki, şagirdlərin bir məktəbdən digər məktəbə keçirilməsinin elektronlaşdırılmasından sonra  bu sahədə olan qeyri-şəffaflığın qarşısını alıb: 

“Şagirdlərin ümumi təhsil müəssisələrinə elektron qaydada yerdəyişməsinin tətbiq edilməsində əsas prinsiplər - şəffaflıq, səmərəlilik, keyfiyyətlilik və hesabatlılıqdır.  2019-2020-ci tədris ilindən həyata keçirilən bu prosesin ildən-ilə müsbət tərəfləri hiss olunur. Bir sıra hallarda şagird köçürmələri ciddi problemlərlə, bəzi məktəb direktorlarının yaratdığı süni əngəllərlə müşayiət olunurdu. Yəni valideyn müraciətlərinə onlar "yer yoxdur" cavabını verir, valideyn və şagirdlərə qarşı haqsızlıq edirdi, onları get-gələ salırdı. Bu problemlər vardı. Əlbəttə, bu da müəyyən hallarda şagirdin təhsildən yayınmasına səbəb olurdu. Yəni şagird sənədlərini məktəbdən alıb gedirdi və yenidən məktəbə qayıtmırdı. Ancaq indi bu proses elektronlaşdırma vasitəsilə mərkəzləşdirilmiş qaydada həyata keçirilməyə başlayıb. Bu problem də aradan qalxıb".