Xankəndidə Universitetin yaradılması tarixi hadisədir

Qarabağ Universitetində bütün sahələr üzrə mütəxəssislərin yetişdirilməsinə önəm verməliyik

  Xankəndi şəhərində Qarabağ Universiteti yaradılır.  Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
  Sərəncamla regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.
  Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etmək, Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
  Ölkə ictimaiyyəti Qarabağda dövlət universitetinin yaradılmasını alqışlayıb. Qeyd edilib ki, bu, ölkə üçün çox böyük hadisə hesab olunur.

Millət vəkili Ceyhun Məmmədov “Sherg.az”a açıqlamasında deyib ki, cənab prezident tərəfindən Xankəndi şəhərində Qarabağ Universiteti yaradılmasına dair Sərəncamın imzalanması xüsusi  əhəmiyyət daşıyır:

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də, əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb.
  Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir.
  Bildiyiniz kimi, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub. 1973-cü ildən isə Xankəndi Pedaqoji İnstitutu müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, lakin ali təhsil müəssisəsi 1988-ci ilədək fəaliyyət göstərib. Ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.
  1988-ci ildə ermənilər separatizm prosesinə başladıqdan sonra Azərbaycan  əraziyə nəzarətini itirdiyi üçün sözügedən Universitet Azərbaycanın tabeliyindən çıxıb. 
  Qarabağın 30 il düşmən tapdağı altında qalması nəticəsində yaşayış məskənləri ilə bərabər orta məktəb, universitetlər yerlə-yeksan edilib. Bu gün isə regionda yeni bir reallıq yaranıb. İndi isə Qarabağ azaddır.  Bu gün qarşımıza mühüm hədəf və məqsədlər qoymuşuq. Hesab edirəm ki, bölgələrdə yeni universitetlərin yaradılması Bakıda sıxlığın qarşısını nisbətən almağa köməklik edə biləcək. Qarabağ Universitetində bütün sahələr üzrə mütəxəssislərin yetişdirilməsinə önəm verməliyik. Geniş kampuslu müasir təhsil müəssisəsinin yaradılmasına ehtiyac var. Beynəlxalq universitetin yaradılması yaxşı olardı. Bir neçə dildə universitetin yaradılması, xarici ölkələrdən tələbələrin cəlb edilməsi üçün addımlar atılmalıdır”.
  Jurnalist Jalə Mütəllimova isə deyib ki, bu universitetin yaranması məsələsi hələ illər öncə də var idi: 

“Yaxşı xatırlayıram, ideya müəllifi dövlət başçısı idi. İdeya icraçısı isə  millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc olacaqdı. Universitet Ağcabədidə, dövlətin ideoloji işinin tərkibi kimi, Qarabağın unudulmaması üçün yaradılacaqdı. Ağcabədi alınmayanda, Ağdam təklif edildi. Ancaq hər iki halda bəlli ideoloqların fərdi maraqları ucbatından nəticə olmadı. İndi bu universitetin Xankəndidə qurulması haqda Prezident sərəncamının imzalanması mənə görə həm də ilahi ədalətdir. Yəni ilahinin yazdığını iyrənc əməllərlə ləngitmək olar, qarşısını birdəfəlik  almaq isə əsla olmaz. İnanıram ki, bu ali təhsil ocağı mütləq ən yüksək səviyyədə formalaşacaq. Orada ən yaxşı milli kadrlar hazırlanacaq. Azərbaycan dövləti, gələcəyi üçün yaxşı faydalar verəcək”.