Professor: Azərbaycanın təhsil tarixinin şanlı səhifəsi yazıldı

Xankəndi hər zaman Qarabağ bölgəsinin mədəni intellektual mərkəzi olub


  "Qarabağ Universiteti gözlədiyimiz elm-tədqiqat ocağı olacaq. Hər şeyi yenidən və düz qurmaq imkanımız olacaq". Bu  sözləri AMEA-nın ümumi yığıncağında çıxış edən elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, həmin universitetin timsalında elm və ali təhsilin inteqrasiyası daha yaxşı qurulacaq: "Ancaq şəxsi maraqların böyük elmi maraqları üstələməməsinə çalışmaq lazımdır. Əminəm ki, bunu edə biləcəyik. Bir günə universitet yaratmaq mümkün deyil. Ancaq inanmaq istəyirik ki, 2024-cü ilin sentyabr ayında tələbələri, tədqiqatçıları, gənc alimləri orada görmək imkanımız olacaq. Ümumilikdə həmin universitetdə bütün mümkün resurslardan istifadə edəcəyik. Elm sahəsi üzrə fəaliyyətin dürüstlük prinsipi əsasında izlənilməsi üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə Sərəncam imzalayıb.
  
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov da “Sherg.az”a açıqlamasında deyib ki, ölkə başçısının sərəncamı Azərbaycanın təhsil tarixində çox mühüm hadisədir.
Qarabağ regionunda ali təhsil ənənəsinin  hər zaman mövcud olduğunu vurğulayan  Şura üzvü bunun Prezidentin Sərəncamında da xüsusi qeyd olunduğunu xatırladıb. İ.Orucovun sözlərinə görə, xalqımızın tarixi şəhəri olan Xankəndi hər zaman Qarabağ bölgəsinin mədəni intellektual mərkəzi funksiyasını uğurla həyata keçirə bilib: 

“Məhz məkan olaraq Xankəndi şəhərinin seçilməsi təsadüfi deyil. Hesab edirəm ki, bu həm də, Azərbaycan Respublikası Prezidentinin 2022-ci  il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair birinci Dövlət Proqramından irəli gələn məsələlərdir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafı, eyni zamanda yüksək həyat səviyyəsinin təminatı üçün kifayət qədər böyük işlər görülür.  Cənab Prezidentin də  qeyd etdiyi kimi, işğaldan azad olunmuş ərazilər ən yüksək səviyyədə yenidən qurulacaq və Azərbaycanın ən şaxələnmiş regionlarından biri olacaq”.
  
Qarabağda, Xankəndidə  ali təhsil müəssisəsinin yaradılacağı  ilə bağlı müzakirələrin  xeyli müddətdir  aktual olduğunu xatırladan İ.Orucov deyib ki, səbirsizliklə gözləyirdik ki, ölkə başçısı məhz Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncam imzalayacaq: 
"Qeyd etdiyim kimi, Azərbaycanın təhsil tarixinin şanlı səhifələrindən biri məhz bu gün qoyulur. Qarabağ Universitetinin yaradılması ilə bütövlükdə işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının gücləndirilməsi, burada əmək bazarı üçün yüksək ixtisaslı kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkil olunması həm də bu zərurətdən irəli gəlir. Universitetlərin yerləşdiyi məkanlara baxanda görürük ki, universitet təkcə həmin şəhərin ali təhsil mühitini formalaşdırmır. Eyni zamanda mədəni mühiti formalaşdırır, sürətli inkişafı şərtləndirir. Digər tərəfdən, iqtisadi baxımdan həmin bölgəni daha cəlbedici edir. Bu universitetin Xankəndidə yaradılması barədə düşünərkən hesab edirəm ki, bu, xalqımızın hər bir nümayəndəsinin arzusu idi. Mən fürsətdən istifadə edərək Ali Baş Komandan, Prezident İlham Əliyevə təhsilimizə göstərdiyi qayğıya, eyni zamanda işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına göstərdiyi diqqətə görə öz minnətdarlığımı bildirirəm. Zənnimcə, Qarabağ Universiteti Azərbaycanın ən yaxşı universitetlərindən bəlkə də birincisi olacaq. Çünki Qarabağ ifadəsi bütövlükdə Azərbaycan üçün həm də mənəvi dəyərdir. Bu baxımdan həmin universitetdə ən müasir səviyyədə ali təhsilin verilməsi, eyni zamanda bölgənin bütövlükdə ümumi iqtisadi inkişafına kömək edə biləcək kadr hazırlığını təmin etmək üçün müasir ixtisasların formalaşdırılması təmin olunacaq. Mən əminəm ki, universitet modern səviyyədə və müasir tələblər çərçivəsində infrastruktur baxımından fərqlənəcək”.
 
 Bu günlərdə  Füzuli şəhərində olarkən Mirzə Uluqbəy adına tam orta məktəbdəki  böyük quruculuq işlərinin hansı sürətlə getdiyini və zövqlə həyata keçirildiyini xatırladan fəlsəfə doktorunun sözlərinə görə, bu infrastruktur o qədər yüksək səviyyədə qurulub ki, həqiqətən də o məktəblərə ayaq basan hər kəs yaxşı təhsil almaq istəyər:
 “Hər kəs daha yaxşı, daha faydalı olmaq naminə təhsilə can atacaq. Əminəm ki,  Qarabağ Universiteti də məhz bu cür fərqli universitet olacaq. Digər tərəfdən, təhsil insanlarının hər zaman Azərbaycanın ali təhsillə bağlı arzuları, gözləntiləri olub. Hesab edirəm ki, Qarabağ Universiteti bu istiqamətdə arzuları və gözləntilərimizi həyata keçirmək üçün bizə fürsətlər verəcək. Düşünürəm ki, Qarabağ Universitetində bizim ən yaxşı alimlərimiz tədris aparacaqlar və ən yüksək balla qəbul olunmuş bizim tələbələr orada oxumağa can atacaqlar. Çünki həqiqətən də, Xankəndi, Qarabağ, bütövlükdə 30 illik işğal altında olan torpaqlarımızın hər bir qarışı müqəddəsdir və tamam fərqli bir məna daşıyır. Çünki orada şəhidlərimizin qanı axıb, torpaqların vətənləşməsi müasir nəslin gözü qarşısında baş verib. Dövlətimiz nə qədər çətin sınaqlardan keçərək, böyük faciələr yaşayaraq bu torpaqları işğaldan azad edib. Cənab Prezident bu torpaqların işğaldan azad olunması üçün nə qədər böyük səylər göstərib. Əlbəttə bu, bizim ən yaxın tariximizdir və bunu hər birimiz bilirik. Bu baxımdan da düşünürəm ki, Qarabağ Universitetinin Azərbaycanın, regionun, eyni zamanda dünyanın ən nüfuzlu sayılıb-seçilən olması üçün dövlət bütün səylərini birləşdirəcək”.
  
Qarabağ Universitetinin gələcəyi ilə bağlı çox böyük perspektiv və ümidlər bəslədiyini qeyd edən İ.Orucov hesab edir ki, nəhayət, ümumi quruculuq işləri başa çatacaq, əhalimiz öz doğma yurd-yuvalarına qayıdacaq və həmin bölgələrdə bütün sahələrdə inkişaf olacaq: 
“Təhsil sahəsində də böyük uğurlar əldə olunacaq. Artıq bu gün rəsmi olaraq ali səviyyədə verilən bu qərarla dövlətimiz bu işlərə başlayacaq və yaxın gələcəkdə Qarabağ Universitetinin məzunlarının uğurları ilə fəxr edəcəyik. Universitetin nəinki bölgənin, bütövlükdə ölkəmizin inkişafında oynadığı müstəsna yerə və rola görə fəxrlə danışa biləcəyik. Qarabağ Universitetinin infrastruktur baxımından ən müasir səviyyədə qurulmasına təsadüfi diqqət çəkmədim. Universitet bütövlükdə dünyanın ən yaxşı universitetlərindən heç də fərqlənməyən bir kampusa malik olacaq. Universitetdə təkcə azərbaycanlı tələbələr oxumayacaq, eyni zamanda universitet öz  təhsili  ilə elə səviyyədə fərqlənəcək ki, burada dünyanın fərqli ölkələrindən olan tələbələr gəlib təhsil alacaqlar. Ümid edirəm ki, Qarabağ Universitetində elm və təhsil vəhdətini də  görə biləcəyik. Universitetdə həm də elmi mühit olacaq. Qalib xalq olaraq cəbhədə qazandığımız uğurlar, həm də məhz Qarabağ Universitetinin timsalında işğaldan azad olunmuş digər ərazilərdə yenidən qurulan məktəb infrastrukturu və təhsil baxımından da dünyada fərqlənən xalqlardan biri ola biləcəyik. Bizim xalqımızın buna potensialı və ciddi siyasi iradəsi var”.