Təhsil eksperti: Direktorların böyük əksəriyyəti hazırlıqsızdır

Məktəb rəhbərlərinə müəllimlərin işə qəbulu üzrə müstəqillik verməyə hələ ki ehtiyac yoxdur



  “Son illərdə qəbul mərkəzləşdirilmiş qaydada aparılır. Lakin nə Nazirliyin, nə də Məleykə xanım Abbaszadənin hansısa məsələni mərkəzləşdirməkdə heç bir marağı yoxdur”.
Bunu AMEA-nın ümumi yığıncağında elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, eyni proses müəllimlərin işə qəbulunda da yaşanır: "Biz bilirik ki, müəllimi işə direktor götürsə daha yaxşı olar. Amma görürük ki, bir az səlahiyyət verən kimi başqa mənzərə ortaya çıxır. Bu gün bizim doktoranturaya istedadlı insanları cəlb etməyimizlə bağlı ciddi problemlər var".
  Nazir qeyd edib ki, yaxşı bir alimə vəzifə, hansısa siyasi status verəndə onun elmlə məşğul olmağa vaxtı olmur: "Nobel mükafatçısı Əziz Sancar heç bir yerin direktoru deyil. Biz elə bir yerə gəlib çıxmalıyıq ki, alimlərimiz kənar statuslara, vəzifələrə meyl etmədən elmlə məşğul olsun. Biz alimin yerini vəzifəsi ilə deyil, ortaya qoyduğu nailiyyətlərlə ölçməyə başlasaq, daha yaxşı bir yerə gələcəyik".
  Nazirin məktəb direktorlarına müəllim seçmək səlahiyyətinin verilməsi ilə bağlı arzusu  cəmiyyətdə müzakirələrə səbəb olub. Müəllimlərin direktorlar tərəfindən seçilməsinin müəyyən problemlərlə müşayiət olunacağını düşünənlər az deyil. Söhbət heç də yüksək təhsili olmayan dost-tanışın, yaxın qohumların məktəblərə yol tapmasından gedir. Ekspertlər isə hesab edir ki, akademik göstərici, fəallığın şəffaflığı, idaretmənin keyfiyyəti yüksək olan məktəblərə həmin hüququ ötürmək olar.

  Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında deyib ki,  müəllimlərin işə qəbulu çox ciddi məsələdir. Müvafiq dövlət qurumu son illər ərzində bu sahədə böyük təcrübəyə malik olsa da, məktəb rəhbərliyi o qədər də peşəkar deyil. Ekspert  söyləyib ki,  ümumtəhsil məktəblərində məktəb direktoruna adi dərs bölgüsünü belə aparmağı etibar etmiriksə, məktəb direktorlarının müəllim seçməsi utopik görünür:
 “Əslində, bir neçə seçilmiş məktəblər var ki, onlarda vəziyyət belədir. MİQ imtahanından keçib, yüksək bal toplayan şəxsləri məktəblərə təqdim edirlər. Məktəbin özündə müsahibə gedir. Orada komissiya təşkil olunur, nazirliyin nümayəndəsi və məktəbin rəhbərliyi iştirak edir. Lakin bu qərar  bütün məktəblərə aid deyil. Ölkə üzrə 4472 məktəb var, cəmi 5-6 məktəbə belə səlahiyyət verilib”.
  
Ekspert hesab edir ki, müəllimlərin işə qəbulunun məktəblərə həvala edilməsinə qədər məktəblərə müəyyən muxtariyyət verilməlidir. O cümlədən də məktəbin öz işini, dərs bölgüsünü və digər məsələlərini direktorlara etibar etmək lazımdır: 
“Hazırda direktorların əksəriyyəti öz vəzifələrini icra edə bilmir. Peşəkar olmayan direktorların sayı  da çoxdur. Ona görə də orta məktəb direktorlarına müəllimlərin işə qəbulu üzrə müstəqillik verməyə ehtiyac hələki yoxdur. Düzdür, bu təklif təhsilin inkişafına yönəlmiş addımdır. Amma bizim məktəbləri idarə edən direktorların böyük əksəriyyəti buna hazır deyil.
  2009-cu ilə qədər müəllimlərin işə qəbulunun  rayon təhsil şöbələri və direktorların səlahiyyətində olduğunu xatırladan  ekspert deyib ki, il ərzində müəllimlərin işə qəbulu maksimum  700-900 arası olurdu idi. Sonra isə  bu proses  mərkəzləşmiş qaydada həyata keçirilməyə başladı və  bu uğurlu islahatın nəticəsində kifayət qədər uğurlu nəticələr əldə olundu. 
  Məktəb direktorunun bir rəhbər kimi özünütəsdiqində və nüfuzunun yüksəldilməsində onun şəxsi mənəvi keyfiyyətləri, peşəkarlığı ilə bərabər, qəbul etdiyi qərarların ədalətliliyi daha böyük rol oynayır. Çünki insanlar həmişə rəhbərin hərəkətlərində və münasibətlərində onun ədalətli olmasını istəyir. Ədalətli rəhbər hər zaman əməkdaşların hörmətini, etibarını qazanır, kollektivdə, cəmiyyətdə yüksək nüfuza malik olur. Hər hansı bir şəxsin məktəb direktoru vəzifəsinə təyin edilməsi barədə əmr verildikdə təhsili idarəetmə orqanı tərəfindən ona müəssisəyə, oradakı kollektivlərə rəhbərlik etmək hüququ, səlahiyyəti verilir, şəxsi nüfuzla bağlı əmrə heç nə əlavə edilmir. Direktor nüfuzu şəxsi nümunəsi, biliyi, təşəbbüskarlığı və digər mənəvi keyfiyyətləri ilə qazanmalı və özünü bir rəhbər kimi təsdiq etməlidir.