Nazir bütün məktəblərin 5 günlük iş rejiminə keçməsi məsələsinə münasibət bildirib

Elm və təhsil naziri Emin Əmrullayev bütün məktəblərin 5 günlük iş rejimi ilə çalışmasının mümkün olub-olmayacağına münasibət bildirib.
APA xəbər verir ki, nazir bildirib ki, bəzi məktəblərdə şagird sıxlığı olduğundan dərsləri 6 günə bölməyəndə şagird ora yerləşmir.
“O nöqteyi-nəzərdən məktəbin rəhbərliyi və valideyn heyəti qərar verib ki, məktəbi 6 günlük etsinlər. Elə məktəb var ki, ora ənənəvi olaraq 6 günlük olub, məktəb də bu ənənəyə davam etmək istəyir. Məktəblərin hansı qrafik əsasında fəaliyyət göstərməsi nazirlik üçün o qədər də maraqlı deyil. Əsas odur ki, həftə ərzində qanunla müəyyənləşdirilmiş saat hesabını keçməsinlər. Lakin məktəblərdə dərslərin saat neçədə başlaması, 5 və ya 6 günlük rejimdə fəaliyyət göstərməsi ilə bağlı qərar məktəb-valideyn şurasının qərarı ilə tənzimlənir”, - nazir qeyd edib.