“Məktəbli könüllü” proqramına start verilir

Ölkədə ilk dəfə məktəblilərin sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunmaları məqsədilə “Məktəbli könüllü” proqramına start verilir.
"Report" xəbər verir ki, proqram “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün nəzərdə tutulur.
Proqramın təşkilində məqsəd şagirdlər arasında sosial inkişafın təmin olunması, komanda işinin formalaşdırılması, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətlərin gücləndirilməsi, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyət və vətənpərvərlik keyfiyyətləri ilə örnək təşkil edən gənc nəslin formalaşdırılmasıdır.
Proqrama qoşulan şagirdlər nə əldə edəcəklər?

- məktəblilərin yerli icmaların inkişafı istiqamətində mövcud infrastrukturların yaxşılaşdırılması, abadlaşdırılması və ictimai xidmətlə bağlı layihələrə cəlb edilməsi;

- ekoloji problemlərin həlli və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün müntəzəm olaraq məktəblilərin maarifləndirilməsi, iməcilik aksiyalarının təşkili – ağacəkmə fəaliyyətləri, tullantıların təmizlənməsi, resurslardan səmərəli istifadə;

- məktəb daxilində karyera klublarının formalaşdırılması, həmçinin asudə vaxtın səmərəli təşkili üçün dil, idman, incəsənət kimi sahələrdə ictimai klubların təşkili və onlara məktəblilərin özlərinin rəhbərlik etmələri;

- məktəblilərin şəxsi inkişafına dəstək verəcək müxtəlifmövzulu yay və qış düşərgələrinin təşkili;

- məktəbdaxili intellektual, sosialtipli müsabiqə və yarışların təşkili;

- Bakı və region məktəbləri arasında kommunikasiya mühiti yaratmaqla şəbəkələşmənin təmin edilməsi və birgə fəaliyyətlərin təşkili.

“Məktəbli könüllü” proqramına qoşulmaq istəyən şagirdlər 31 dekabradək qeydiyyatdan keçməlidirlər. Proqramın tərəfdaşı olmaq istəyən məktəblər isə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.