Həkimlər də qızılcaya tutulmuş uşaqların digər uşaqlarla yaxın təmasda olmasını məqsədəuyğun hesab etmirlər
Qızılcaya yoluxmalar sürətlə artır. Xəstəliyin epidemiya halını alacağı da istisna edilmir. Qızılcaya yoluxanlar arasında məktəb yaşlı uşaqların üstünlük təşkil etməsi cəmiyyətdə narahatlıq yaradıb. Hesab olunur ki, qızılcanın daha geniş yayılmaması üçün uşaqlar evlərində olmalıdır. Tibb ekspertləri və valideynlər təhsil müəssisələrinin müvəqqəti dayandırılmasını tələb edir. Elm və Təhsil Nazirliyi ölkədə uşaqlar arasında yayılan qızılca ilə bağlı distant təhsilə keçməyə tələsmir. Lakin mütəxəssislər fərqli düşünür. Qeyd olunub ki, nə qədər sıx təmas olsa, xəstəlik daha tez və sürətlə yayılacaq. Qarşısını almağın bir yolu var - izolyasiya, uşaqların evdə olmaları, profilaktik tədbirlərin görülməsi.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə “Sherg.az”a açıqlamasında deyib ki, hazırda Nazirliyin distantla bağlı imkanları, texnologiyaları və təcrübəsi əvvəlki illərdən daha çoxdur. Lakin indiyədək qızılca səbəbindən cəmi 2-3 məktəbin distanta keçdiyi bildirilir. Əvvəla deyim ki, ETN distant təhsil formasını tam qanuni müstəviyə gətirə bilməsə də, tətbiq olunan metod ən yaxşı halda "distant texnologiyalardan istifadə edərək tədris prosesinin təşkili" hesab oluna bilər:
“Amma buna qanunvericilikdə nəzərdə tutulan distant təhsil forması demək doğru olmaz. Təəssüf ki, uzun illər keçməsinə baxmayaraq, qanunda nəzərdə tutulan bu təhsil formasının oturuşması üçün hüquqi əsaslar indiyədək də yaradılmayıb. Bununla belə hazırda təhsil müəssisələrində ibtidai siniflərdə qızılcanın çox yayıldığını nəzərə alsaq, distant tədirsə keçmək daha təhlükəsiz və faydalı olar. Bildiyim qədər Nazirliyin Virtual məktəb platforması tam işlək vəziyyətdədir, Video.edu.az rəqəmsal platforması xeyli təkmilləşib və müəllimlərin də ötən illərə nisbətən təcrübəsi çoxdur. Ən azından Nazirlik indiki halda COVID dövrünə nisbətən distanta daha çox hazırdı. Həkimlər də qızılcaya tutulmuş uşaqların digər uşaqlarla yaxın təmasda olmasını məqsədəuyğun hesab etmirlər. Fikrimcə, kütləvi yoluxmanı və real, daha ağır nəticələri gözləmək doğru olmaz. ETN-in qızılca ilə bağlı daha ağır nəticələrdən sığortalanmaq üçün ibtidai siniflərin distanta keçməsi ilə bağlı qərar verməsi doğru və faydalı olar”.