Aqşin Yenisey: “Bizim cəmiyyət təhsildə dəyişikliyə hazır deyil”

Aqşin Yeniseyin fikrincə, bizim təhsildə yeni formalar məzmunun köhnəliyini qorumağa xidmət edir

“4-ci sinif üçün “Texnologiya” kitabı var. Buxar mühərriki haqqında bir səhifə yazılıb, kabab yeməyin qaydaları haqqında 5 səhifə. "Kababın texnologiya kitabında nə işi var" sualını verməyə gərək belə yoxdur”


  “Hədəfi milli şüuru dəyişmək olmayan təhsil, təhsil adına cəfəngiyyatdır”.
Şair Aqşin Yeniseyin bu ifadəsi sosial şəbəkələrdə polemika yaradıb. 
Professor Qulu Məhərrəmli sözügedən paylaşıma “əslində, təhsilin əsas məqsədlərindən biri bu olmalıdır”, - deyə rəy yazıb. 
  Təhsil eksperti Ayyət Əhməd də hesab edir ki, təhsilin hədəfi milli deyil, beynəlxalq şüur olmalıdır! Təhsil qlobal  olmalıdır! Mətbuat və vətəndaş cəmiyyətinin görməli olduğu işi təhsilə yükləməyək!
Yazıçı-publisist İlqar Rəsul isə qeyd edib ki, milli şüuru dəyişmək zərərli olar: “Bu heç alınmaz da. Milli şüuru yeni hədəflərə yönəltmək lazımdı. Milləti başqalaşmaqdan, əriyib yox olmaqdan qoruyan onun milliliyidir. Bu da milli şüura söykənir”.
  Vüqar Aslanov adlı istifadəçi isə deyib ki,  milli şüurumuza dəyməyin! Bizim çox gözəl milli, mənəvi dəyərlərimiz var. Onsuz da milli şüurumuzu təhsillə deyil, televiziya verilişləri ilə pisə doğru dəyişirlər. Təhsilimizin hədəfi isə bir başqa ölkə təhsili olmalıdır. Məsələn, Birləşmiş Krallıq, Yaponiya, Cənubi Koreya”
  Ümumi  müzakirələrin nəticəsi olaraq qeyd edək ki,  böyük əksəriyyətin fikrincə, Azərbaycan milli təhsilinin ali məqsədi milli ruhlu kamil vətəndaşlar yetişdirməkdir. Sözdə bu, aydın, konkret iş proqramıdır, amma əməldə, pedaqoji praktikada tədris prosesinin bütün üsul və formalarını əhatə edən həm yaxın, həm də son hədəfdir. Ona görə təhsil müəssisələrində keçirilən hər bir dərsin həm məzmununda, həm formasında, həm də mütəşəkkil xüsusiyyətlərində hər şeydən əvvəl, milli ruh, milli mühit öz əksini tapmalıdır.
Onu da deyək ki, ölkəmizdə milli təhsil konsepsiyası işlənilib hazırlanıb, onun uğurla həyata keçirilməsi təmin edilib.

  İctimaiyyətdə fikir ayrılığına səbəb olan sözügedən fikirləri ilə bağlı Aqşin Yeniseyin özü ilə də əlaqə saxladıq.
 Şair “Sherg.az”a açıqlamasında qeyd edib ki,  bu qənaətə  yaponların XXI əsr üçün təhsil proqramı kimi hazırladıqları "Gələcək indidən başladı" hesabatını oxuduqdan sonra gəlib.  
Proqram isə əsas üç istiqamət üzərində qurulub, təhsildə: 
- İdarəetmə sistemini dəyişmək. 
- Siyasəti dəyişmək. 
 - Milli şüuru dəyişmək.
  Yaponlar hələ Meydzi dönəmində (1868-1912) anlamışdılar ki, təhsillə milli şüuru dəyişmədən inkişaf mümkün deyil. 
Yaponlar XX əsrin əvvəlinə “yapon ruhu, Qərb elmi” modelinə əsaslananda katananı (samuray qılıncı) samurayın əlindən alıb ona Kantı öyrətdilər. Gücün alətini dəyişdilər. Yeni alət yeni məzmun, yeni yanaşma gətirdi.
  Əslində, təhsildə milli şüuru dəyişmək planının indiki hədəfi yaponu Yaponiya üçün deyil, dünya üçün yetişdirməkdir. Yəni XXI əsrdə yapon məktəbindən çıxan yapon millətlərarası önəmi olan bir fiqura çevriləcək. Onun yaradıcılığından bütün dünya faydalanacaq. Və yaponlar düşünürlər ki, belə bir universal yaponu hazırlamaq üçün təhsil ilk növbədə milli şüuru dəyişməlidir. Ənənəvi milli şüurla yeni insan yetişdirmək mümkün deyil”.

  Şairin fikrincə, bizim təhsildə yeni formalar məzmunun köhnəliyini qorumağa xidmət edir:
 “4-ci sinif üçün “Texnologiya” kitabı var. Buxar mühərriki haqqında bir səhifə yazılıb, kabab yeməyin qaydaları haqqında 5 səhifə. "Kababın texnologiya kitabında nə işi var" sualını verməyə gərək belə yoxdur”.
  
Təhsildə milli şüuru dəyişməklə bağlı təklifinin etiraz doğurmasına gəldikdə isə Yenisey deyib ki, bizim cəmiyyət dəyişikliyə hazır deyil. Dəyişiklik neqativ, riskli bir kəhanət kimi başa düşülür: 
"Çox az adam dəyişikliyin həm də  yaxşılığa doğru bir dönüş ola biləcəyini anlayır. Hərənin öz piştaxtası (komfort zonası) olan köhnə bir bazarımız var, heç kimə imkan vermirik ki, yeni nırx qoysun xırdavatımızın içinə.  Yaponlar XXI əsr yaponunu hazırlamağı cəmi 25 adama həvalə ediblər. O 25 adam nə desə, yeni yapon o olacaq. Ölkə belə inkişaf edir!”.
  "Bəs, bizdə o 25 adam kimdir" sualına cavabında isə  şair  “o 25 adam bütün cəmiyyətlərdə var, sadəcə, hər cəmiyyətin o 25 adama münasibəti fərqlidir”, - deyib.