Ekspert: Magistraturaya qəbulda İKT bilikləri yoxlanmalıdır

Nəzəri testlərlə yanaşı, praktiki tapşırıqlar üçün də mexanizm olmalıdır


  Magistraturaya qəbul imtahanının (I cəhd) 2024-cü il fevralın 11-də keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 15-dən 29-dək aparılacaq.
Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər ixtisas seçimində iştirak etmək imkanı əldə edirlər.
Onu da deyək ki, magistratura səviyyəsinə qəbul zamanı bakalavrların informatikadan bilik səviyyəsinin yoxlanılması bəzi narazılıqlara səbəb olub. 
  Magistraturaya qəbul imtahanında informatika fənninin olmasını  qeyri-səlis məntiqin nümunəsi hesab edən şəxslər sosial şəbəkələrdə bu mövzuda polemika açıb. Qeyd ediblər ki, İnformatikanın əvəzinə Azərbaycan dilini daxil etsələr, daha məntiqli olardı.  Bu fikirlərini isə “bakalavrı bitirib Azərbaycan dilini səlis bilməyən çox məzun var” kimi ifadələrlə əsaslandırıblar. 

  Dünyada günbəgün texnologiyaya marağını artdığını vurğulayan təhsil eksperti Elşən Qafarov isə "Sherg.az"a açıqlamasında deyib ki, dövrümüzdə informasiya texnologiyalarına marağın artması onu deməyə əsas verir ki, bu günləri hər bir şəxsin informatika ilə bağlı ilkin təməl biliklərə sahib olması labüddür: 

"Magistratura ali təhsilin ikinci səviyyəsi olmaqla elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Ali təhsilin bu pilləsi  elmi kadrlar üçün  bir növ tramplin sayılır. Elmi-pedaqoji kadrlar isə elmi tədqiqat institutlarında, ali təhsil müəssisələrində, Elmlər Akademiyasında  birbaşa tədris prosesinə və ya tədqiqat işlərinə  cəlb edilir. Həmin kadrların informasiya texnologiyalarını bilməsi çox vacib, hətta günün tələbidir. Bu səbəbdən də  magistraturaya qəbulun birinci mərhələsində bakalavrların İKT biliklərinin yoxlanılması doğru addımdır. Hesab edirəm ki, nəzəri testlərlə yanaşı, praktiki tapşırıqlar üçün də mexanizm olmalıdır. Test tapşırıqları arasından informatika fənninin çıxarılıb, Azərbaycan dili və yaxud başqa bir fənnlə əvəzlənməsi məqsədəuyğun deyil”.