Qanunda dəyişiklik: Ali təhsilin bakalavr pilləsi 3 il, magistratura 1 il ola bilər

“Tələbələrə qeyri-ixtisas fənlərindən dərs keçməyə ehtiyac yoxdur. Daha çox oxuduğu ixtisasın yönümünə uyğun olan fənlər keçilməlidir ki, tələbənin peşəkarlığı artsın”

  “Ali təhsil haqqında” qanun layihəsi müzakirə ediləcək.  Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında bildirilib. Qeyd edilib ki, qanun layhəsinin müzakirəsi  2024-cü ilin yaz sessiyası üçün İş Planına daxil edilib. Qanun layihəsi sessiya müddətində hazırlanıb müzakirəyə çıxarılmalıdır. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev qeyd edib ki, “Ali təhsil haqqında” qanunla bağlı müvafiq qurumlardan bir neçə təklif daxil olub:  “Belə qərara gəldik ki, həmin təkliflər razılaşdırılması üçün müvafiq icra hakimiyyəti orqanlarına göndərilsin. Düşünürəm ki, yaz sessiyasında həmin təkliflərə daxil olmuş rəyləri də müzakirə edərək, həmin layihəyə baxacağıq. Həyata keçirilən dövlət proqramlarının davamlı olması üçün bu qanunun qəbul olunmasına ehtiyac var”.  Həmçinin parlamentdə təhsillə bağlı dinləmənin keçirilməsi də təklif olunur. Belə bir təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov çıxış edib. Deputat qeyd edib ki, təhsildə xeyli həllini gözləyən məsələlər olduğundan yenidən parlamentdə təhsillə bağlı dinləmənin keçirilməsinə ehtiyac var: “Dinləmədə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri də iştirak etməlidir. Bunu komitənin yaz sessiyası üzrə iş planına daxil edə bilərik”.

  Təhsil eksperti, fəlsəfə doktoru Kamran Əsədov “Sherg.az”a açıqlamasında bildirdi ki,  Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə "Ali təhsil haqqında" qanun qəbul edəcək: 
- İndiyə qədər təhsilin müxtəlif  pillələri üzrə qanun  layihəsi qəbul edilib. 2009-cu ildə “Təhsil haqqında” qanun,  2011-ci ildə  “Orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi”,  2016-cı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında”, eyni zamanda məktəbəqədər, ümumtəhsil, elm haqqında qanun qəbul edildi. Amma ali təhsil müəssisələrinin idarə edilməsi, orada şəffaflığın təmin olunması,  keyfiyyətin yüksəldilməsi və idarə edilməsi ilə bağlı  ciddi məsələlər hələ də həllini tapmayıb. Təhsilin ali pilləsində həllini gözləyən bir çox problemlər var. Məhz bu problemlərin aradan qalxması üçün  ayrıca qanun layihəsinə, yəni “Ali təhsil haqqında qanun” layihəsinə ehtiyac var. Milli Məclisdə müzakirə edilən “Ali təhsil haqqında” qanun ali təhsilin keyfiyyətinin artırılması, eyni zamanda Azərbaycan ali təhsilinin dünya təhsil sisteminə inteqrasiyasına müsbət təsir göstərəcək. Yeni qanun layihəsində bir sıra dəyişikliklər var. Onlardan biri ali təhsilin müddəti və ixtisas istiqamətləri ilə bağlıdır. Ən çox müzakirə obyektinə çevrilən məsələ ali təhsilin bakalavr pilləsinin 3 il, magistraturanın 1 il olmasıdır. Lakin bu, Azərbaycan universitetlərində qəbul həyata keçirilən ixtisasların hamısına aid deyil. Ali təhsilin proqramına uyğun olaraq peşəkar səviyyədə kadr yetişdirmək üçün bəzi hallarda 4 il çox uzun müddət olur. Müəyyən ixtisaslar var ki, onlar üzrə 4 illik təhsilə ehtiyac yoxdur. Bunlar akademik tədqiqatları, araşdırmanı əks etdirməyən texniki ixtisaslardır.

K.Əsədov qeyd etdi ki, qeyri-ixtisas fənlərini azaldıb proqramdan çıxarsaq, tədris ili azaldılacaq: 
- Tələbələrə qeyri-ixtisas fənlərindən dərs keçməyə ehtiyac yoxdur. Daha çox oxuduğu ixtisasın yönümünə uyğun olan fənlər keçilməlidir ki, tələbənin peşəkarlığı artsın. Təhsil pilləsinin azaldılması beynəlxalq standart təhsil təsnifatına da uyğundur. Lakin bu, bütün ixtisaslara aid olmayacaq. Məsələn, musiqi, incəsənət, mədəniyyət ixtisaslarında 4 il oxumağa ehtiyac yoxdur. Hüquq, tibb, müəllimlik kimi ixtisaslar özündə akademik bilikləri əks etdirdiyi üçün bu ixtisaslar 4 illik olacaq. Tədris ilinin azaldılması əmək bazarına daxil olacaq insanların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək