Universitetin yaradılması tək elmi hadisə deyil, həm də regionun iqtisadi inkişafına əhəmiyyətli təsir edəcək məsələdir
Vətən müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda yeni inkişaf mərhələsi başlanıb. İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.
İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" bu ərazilərdə iqtisadi aktivliyin bərpasını tələb edir. Bunun üçün iqtisadi fəaliyyət tədricən bərpa olunmalı və bu fəaliyyətin yeni mühitə reinteqrasiyası ətrafında təhlillər aparılmalıdır. Həmçinin regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi üçün hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyulur. Eyni zamanda regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də, əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb.
Prezident İlham Əliyev də ötən ilin sonlarında Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncam imzalayıb. Sərəncamla regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.
Prezidentin müvafiq sərəncamı əsasında Qarabağ Universitetinin yaradılması ərazilərin bərpası və yenidən qurulması, milli köklərə və tarixi torpaqlara qayıdış, regionların inkişafı, idarəetmə sistemi, geosiyasət, mədəniyyət, nəqliyyat-logistika kimi müxtəlif istiqamətlərin birləşdiyi vahid quruculuq xəttində elm və təhsilin, onun ideoloji bazasının və texnoloji imkanlarının inkişafına istiqamətlənmiş tarixi qərardır.
Artıq Qarabağ Universitetinin Nizamnaməsi də təsdiq edilib. Həmin nizamnamədə universitetin fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Universitet təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər. Universitetin strukturunda onun profilinə uyğun istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatları yaradıla bilər. Belə ki, əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir.
Qeyd edək ki, Qarabağ Universiteti ilə əlaqəli cəmiyyətin gözləntiləri çox yüksəkdir. Universitet əvvəlcə ölkənin, daha sonra regionun əhəmiyyətli universitetlərindən biri olacaq, təhsil və innovasiya, elmi-tədqiqat mərkəzinə çevriləcək.
Bəs Qarabağ Universitetinin ölkə və xüsusilə region üçün iqtisadi əhəmiyyəti nədən ibarətdir? İşğaldan azad olunmuş ərazilərin iqtisadi inkişafına necə təsir göstərəcək?
İqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, universitetin yaradılması tək elmi bir hadisə yox, həm də regionun iqtisadi inkişafına əhəmiyyətli təsir edəcək məsələdir:
“Əgər bu universitetdə il ərzində 5 mindən yuxarı tələbə təhsil alsa, onların hərəkətliliyi həmin bölgənin, yəni Qarabağ bölgəsinin xidmət sahəsinə, sahibkarlığın inkişafı sahəsinə, həmçinin, hotelçilik sahəsinə əhəmiyyətli təsir göstərəcək. Bununla yanaşı həm də nəqliyyat sahəsinin artmasına imkan yaradacaq. Bu baxımdan, sözsüz ki, universitetin fəaliyyət göstərməsi həm də, məşğulluq məsələlərinin həll olunmasına həm pedaqoji heyətin, həm digər inzibati heyətin işlə təmin olunmasında mühüm rolu olacaq. Bu da Qarabağ bölgəsində məşğulluq məsələlərinin, gələcəkdə kadr potensialının artmasına kifayət qədər kömək edəcək”.
Ekspert qeyd edib ki, Bakının Baş Planında Universitetlərin bir qisminin mərkəzdən şəhər ətrafına köçürüləcəyi öz əksini tapıb: “Hansısa təhsil müəssisəsinin paytaxtın mərkəzindən kənarlara köçürülməsi üçün əlavə vəsait xərclənəcəksə, elə işğaldan azad olunan rayonlarımızdan birini universitet şəhərcəyinə çevirsinlər. Bu, daha məntiqli və daha əlverişli bir qərar olar. Niyə də Füzuli, Zəngilan, Ağdam kimi şəhərlərimizdən biri "Kembric", "Oxford" kimi universitet şəhərinə çevrilməsin. Bu həm Bakının yükünün azalmasına, həm də bölgələrin inkişafına təkan verib iqtisadi aktivlik yaradar. Hesablamalara görə, bir şəhərdə 40-50 min tələbə oxuyursa, avtomatik olaraq həmin şəhərin əhalisi yarım milyona çatır”. Bakıda çox ciddi sıxlıq yarandığını vurğulayan ekspert deyib ki, bu, ekoloji və nəqliyyat problemlərinin yaranmasına səbəb olur. Bu sıxlığın azaldılmasının yeganə yolu da bölgələrdə iqtisadi fürsətlərin və cazibə mərkəzlərinin yaradılmasıdır. Buna da universitetlərin köçürülməsi ilə başlamaq lazımdır”.