Ekspert: İmtahandan öncə abituriyent gərginliyə düşməməlidir

Bu istiqamətdə valideynlər abituriyentlərə dəstək olmalıdır


  Buraxılış imtahanına sayılı günlər qalıb. Martın 3-də  bir sıra şəhər və rayonlarda Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Məlumdur ki, şagirdlərin həyatında ən önəmli və vacib günlərdən biri buraxılış imtahanlarıdır. İmtahanqabağı isə stress, qayğılar, depressiya, yorğunluq bir çox şagirdin üzləşdiyi əsas problemlərdən biridir. Bu kimi hallar isə imtahanda göstərilən nəticələrə bir çox hallarda mənfi təsir göstərir. Şagirdlərin imtahan zamanı stressə düşməsinə təsir edən bir çox amillər və məqamlar var. Bunların əsasında ailə və sosial mühit faktoru dayanır. Valideynlərin yüksək gözləntiləri tələbənin imtahanları daha stressli məsələyə çevirməsinə səbəb ola bilər. Bu zaman isə şagird özünü təzyiq altında hiss edir. Bundan başqa, imtahanın nəticələri açıqlanan zaman valideynlərin nümayiş etdirdikləri dözümsüzlük halları bir sıra fəsadlara belə yol açır.
  Statistik hesablamalara görə, imtahan zamanı şagirdlərin və abituriyentlərin 96 faizi stress altında olur. Bütün bunlar isə imtahanda gözlənilən nəticənin əldə olunmamasına yol açır. Bütün bu problemlərdən maksimum yayınmaq üçün psixoloqlar məsləhət görürlər ki, imtahana bir neçə gün qalmış istirahət edilməlidir.
Hazırda abituriyentlərin buraxılış imtahanı yaxınlaşdığı üçün onlar arasında gərginlik, stress müşahidə olunduğunu vurğulayan ekspertlər  abituriyentlər üçün vacib tövsiyələrini təqdim ediblər. 
  
Təhsil eksperti Ramin Nurəliyevin “Sherg.az”a açıqlamasına görə, abituriyent imtahana bir sınaq imtahanı düşüncəsi ilə yanaşmalı, stressə girməməlidir: 
“İmtahana bir gün qalmış dərs oxumaqdan çox təkrar etmək lazımdır. İmtahandan bir gün əvvəl saat 23:30-dan gec olmayaraq yatmaq lazımdır. Bir gün öncə imtahanı verəcəyiniz binaya gedib məkanı dəqiqləşdirin. İmtahandan öncə abituriyent qətiyyən gərginliyə düşməməlidir. Bu istiqamətdə valideynlər abituriyentlərə dəstək olmalıdır.  Bütün ailə problemləri kənara atılmalı, imtahana diqqət verilməlidir. Bir gün öncədən imtahana qədər abituriyentlərə gülərüz davranılmalı, əhval-ruhiyyə yüksək olmalıdır. Bu qədər bal topla deyilməməlidir, nə qədər olarsa olsun, canın sağ olsun deyilməlidir. Çünki son günün bu sözə heç bir faydası yoxdur. Evdən çıxarkən bütün sənədlər yoxlanmalıdır. İmtahana girərkən su götürülməlidir. İmtahan ərəfəsində həyəcan olarsa, su için. Su həyəcanı, stressi yatırır. Səhər yeməyi mütləq yeyilməlidir. Ac olanda beyin düzgün işləmir, əsəb sistemi aktivləşir. Göy diyircəkli iki qələm, qara qələm, karandaş, pozan götürülməlidir. Cavab kağızını düzgün kodlaşdırın. İmtahan qaydalarına əməl edin, abituriyent yaddaş kitabçasını oxuyun. İmtahanda tələsməyin. İlk növbədə yaxşı bildiyiniz fənni və sualları yazın, bilmədiyiniz suala çox vaxt sərf etməyin. Çətin suallara çox vaxt itirilmədən digər suallara keçid etmək məsləhətdir. Vaxt bölgüsü düzgün hesablanmalıdır. Saat götürməyi unutmayın. Sonda bütün suallara təkrar göz gəzdirilməlidir. İmtahanda sonacan oturulmasını tövsiyə edirəm. Sonda imtahan kitabçasını almağı unutmayın. İmtahanda tələsməyin, səhv ehtimal etdiyiniz sualları işarələyin və sonra nəzər salın”.
  
Ekspertin fikrincə, abituriyentlər imtahandan sonrakı mərhələyə təhsilin növbəti pilləsi kimi baxmalıdır: 
“Valideynlərə bu dönəmdə daha diqqətli olmalarını tövsiyə edirəm. İmtahan öncəsi valideynlərin övladlarına psixoloji təzyiq göstərdiklərinin şahidi oluruq ki, bu da abituriyentlər arasında intihar hallarının artmasına gətirib çıxarır. Abituriyent öz bilik və bacarıqlarına güvənməlidir. Əziz abituriyentlər, buraxılış imtahanında səhv düzü aparmır”. 
  Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.