Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a bildirib ki, Şahin Bayramov yenilikçi və innovativ rektordur:
“Modern təhsil yamaşmalarını, Çağdaş dünyanin ali təhsil mənzərəsini və inkişaf parametrlərini mükəmməl səviyyədə bilən bir insandır. Biz onun fəaliyyətini Mingəçevir Dövlət Universitetinin rektoru olan zaman müşahidə etmişik. O, nəzəri bacarıqlarını praktikadada necə tətbiq etməyi MDU-nun rektoru olan zaman göstərmişdi. Həm insani keyfiyyətləri, həm idarəetmə bacarığı, həm də təhsil amilini yaxşı bilməsi imkan verir ki, Qarabağ Universitetini yüksək səviyyəli idarəetmə mexanizminə çevirsin. Həqiqətən də bu çox uğurlu təyinatdır. Çünki MDU Şahin Bayramova kimi o qədər də seçilən ali təhsil müəssisəsi deyildi. Mingəçevir Dövlət Universiteti bölgə universiteti olsa da Şahin Bayramovun idarəçilik müddətində paytaxtdakı universitetlər ilə yaxşı şəkildə rəqabət aparmaq gücünə çatmışdı. Beynəlxalq əməkdaşlıq və universitetlər ilə əməkdaşlıqlarda çox yaxşı irəliləyirdi. Mənim dediklərim tərif kimi görünə bilər, ancaq düşünürəm ki, Şahin Bayramovun buna ehtiyacı yoxdur. Qarabağ Universiteti fəaliyyətə başlayandan 6 ay, 1 il sonra həqiqətəndə bu sözlərimizin necə real olduğunu insanlarda görəcək.”