Məktəbəqədər hazırlıq təhsilin ən vacib pilləsidir -RƏY

Tərbiyəçilərin sertifikasiyadan keçirilməsi yalnız təhsilli şəxslərin bu cür müəssisələrdə çalışmasına imkan verəcək


  Bu günədək məktəbəqədər təhsil müəssisələrində çalışan 350-ə yaxın tərbiyəçi müəllim mərkəzləşdirilmiş qaydada imtahanla işə qəbul olunub.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov  deyib.  Agentliyin direktoru həmçinin qeyd edib ki, bu ildən etibarən ilkin olaraq tərbiyəçi müəllimlərin diaqnostik qiymətləndirməsi aparılacaq. Növbəti ildən isə tərbiyəçi müəllimlər də sertifikatlaşdırma imtahanında iştirak edəcəklər.

  Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az”a açıqlamasında deyib ki, tərbiyəçi müəllimlərin diaqnostik qiymətləndirməsi və sertifikasiyası bu sahədə mövcud olan bir sıra problemləri həll edəcək:
 “Hazırda respublika üzrə 1693 uşaq bağçası və körpələr evi fəaliyyət göstərir. Bildiyiniz kimi, 2011-ci ildə uşaq bağçaları Elm və Təhsil Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi. 
2021-ci ilə qədər yerli icra hakimiyyətlərinin  tabeliyində qalan bağçalarda   qanundankənar işçi qəbulu və uşaq  qəbulu həyata keçirilməsi bu sahədə çox ciddi problemlərə səbəb oldu. 2021-ci  ildə ölkə başçısının sərəncamı ilə artıq uşaq bağçaları Elm və Təhsil Nazirliyinə verildi, bundan sonra məlum oldu ki, bu müəssisələrdə 10 il ərzində ciddi şəkildə pozuntular olub”.

  K.Əsədovun sözlərinə görə, uşaq bağçaları Elm və Təhsil Nazirliyinin tabeliyinə qaytarıldıqdan sonra bu sahədə çox ciddi müsbət dəyişikliklər müşahidə olunur:
 “Məktəbəqədər hazırlıq təhsilin ən vacib pilləsidir, tərbiyəçilərin sertifikasiyadan keçirilməsi yalnız təhsilli şəxslərin bu cür müəssisələrdə çalışmasına imkan verəcək. Sertifikasiya həm də psixoloji dayanıqlılığı yoxlamaq üçün imkan yaradacaq. İşə qəbul olan şəxslərin psixoloji vəziyyəti də bu sahədə işləməyə imkan verməlidir. Biz zaman-zaman uşaq bağçalarında döyülmələrin, qidaların oğurlanmasının şahidi olduq. Sertifikasiya bu kimi problemlərin qarşısını almağa imkan verəcək. Yəni yüksək bilik-bacarığı olan və psixoloji vəziyyəti buna imkan verən şəxslər bu sahədə seçilməlidir”.