Məktəblərdə və məktəblilər arasında baş verən bulinq hallarında qızların daha çox önə çıxması təəssüf doğurur
“Baş verən olaylarda ancaq məktəbi və müəllimi günahlandırmaqla, deyəsən, üstündə oturduğumuz budağı kəsdiyimizin fərqində deyilik”
Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər yayılıb. Videoda yeniyetmə qızların həmcinsləri tərəfindən döyüldüyü və təhqir olunduğu görünür. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılır: "Görüntüdə əks olunan yeniyetmələrin şəxsiyyəti müəyyən olunaraq valideynləri və vəkilləri ilə birlikdə polis orqanına dəvət olunublar. Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək".
Təhsil eksperti, “Təhsil Ekspertləri Mərkəzinin” əməkdaşı Elşən Qafarov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bu cür əxlaqazidd hadisələrin təkrarlanmasında əsas günahkar valideynlərdir:
- Son zamanlarda məktəblərdə baş verən olaylarda cəmiyyət olaraq biz ancaq məktəbi və müəllimi günahlandırmaqla, deyəsən, üstündə oturduğumuz budağı kəsdiyimizin fərqində deyilik. Məhz bunun təzahürüdür ki, artıq valideynlər öz üzərinə düşən məsuliyyətdən boyun qaçırmağın asan yolunu tapıblar. Heç kim bu ağla gələn və gəlməyən hadisələri törədən uşaqların valideynlərini axtarmır, ictimai qınağa çəkmir. Hər kəs məktəbi günahlandırmağa başlayır. Unudurlar ki, uşaq günün 5-6 saatını məktəbdə olur, qalan saatları evdə, ailədə olur. 5-6 saatlıq məktəbdən böyük fədakarlıqlar gözləyənlər bunu valideynlərdən tələb etməyi ağıllarına gətirmirlər. Bunu edən elə valideynlərdir. Məsuliyyəti öz üzərlərindən atmaq üçün günahkar axtarırlar və onu məktəbin, müəllimin simasında “tapırlar”. Kimsə məktəbin, müəllimin uşaqların formalaşmasında rolunu təkzib etmir. Lakin uşağın normal insan kimi formalaşması məktəbə qədər başlamalıdır. Və bu işi valideyn, yaxın qohumlar həyata keçirməlidir. O nənələr, babalar ki nəvələrinə hər şeyə icazə verirlər, nəvəni “nəvə evin böyüyüdür”, prinsipi ilə böyüdürlər. Ərköyün, söz baxmayan, tələbkar, hər istəyi yerinə yetirilən, meşşan təbiətli uşaqlar böyüdüb cəmiyyətə ötürür, bəzi valideynlər, baba-nənələr. Belələrin övladlarına məktəbdə müəllim “gözün üstə qaşın da varmış”, deyə də bilmir. Uşaqlar belə pozulur, böyüdükcə xarakterləri daha da pisləşir, mənfi keyfiyyətlər qazanırlar.
Ekspert qeyd etdi ki, məktəblərdə və məktəblilər arasında baş verən bulinq hallarında qızların daha çox önə çıxması təəssüf doğurur:
- Bu kimi halların sayı artdıqca bir şeyə əmin olursan ki, deyəsən, bizim xanımların əksəriyyəti (yeni nəsil) ərə getməklə ailə qurmaq, uşaq doğmaqla ana olmaq arasında fərqləri dərk etmirlər və ya dərk etmək istəmirlər. Pedaqogikadan bilirik ki, tərbiyəyə təsir edən 3 əsas amil var: ailə, məktəb və mühit. Son 10-15 ildə yeni – çox ciddi bir amil ortaya çıxıb ki, bu da internet amilidir. Və internet amili digər 3 amilin cəmindən daha çox tərbiyəyə təsir etməkdədir. Çünki bu amilin gücünü artıran həm subyektiv amillər (xüsusilə valideyn), həm də sosioloji amillər günü-gündən artmaqdadır. Valideynlər bir çox hallarda borca, kreditə düşərək övladlarına (xüsusilə qızlara) “ağıllı telefonlar” alır, amma övladının bu telefondan necə istifadə etdiyinə nəzarət etməyi unudurlar. Sosial şəbəkələrin təsiri altına düşən yeniyetmələr orada gördüklərini təkrarlamağa meyillənirlər. Nəticədə bu cür eybəcər hallara şahid oluruq.