“Azərbaycanca-norveçcə sözlük” nəşr edilib

Bu günlərdə Norveçdə yaşayan azərbaycanlı alim, Dr. İrəc İsmayılın müəllifi olduğu “Azərbaycanca-norveçcə sözlük” Salman Mümtaz Yayınları tərəfindən nəfis tərtibatda nəşr edilib.

Azərbaycan və Norveç dilləri arasında lüğətçilik sahəsində ilk dəfə hazırlanan bu nəşr iki xalqın dil və mədəni əlaqələrinin inkişafı baxımından olduqca mühüm hadisədir. Sözlükdə 25 mindən artıq söz və söz törəməsinin norveçcə qarşılığı verilmişdir. Lüğət Azərbaycan dilinin leksik imkanlarını norveçdilli oxucuya tanıtmaqla yanaşı, Norveçdə yaşayan azərbaycanlıların gündəlik ünsiyyət, təhsil, tərcümə və dil öyrənmə ehtiyaclarına da cavab verir.

“Azərbaycanca–norveçcə sözlük”, xüsusilə Norveçdə yaşayan soydaşlarımızın ana dilinin qorunması və yeni nəslə ötürülməsi baxımından dəyərli mənbədir. Sözlüyün eyni zamanda Azərbaycan dili və mədəniyyətinə maraq göstərən norveçlilər, tərcüməçilər, müəllimlər, tələbələr və dilçi alimlər üçün də faydalı vəsait olacağı şübhə doğurmur.

Dr. İrəc İsmayılın uzun illər ərzində hazırladığı, gərgin əməyin bəhrəsi olan 400 səhifəlik sözlüyün nəşri Azərbaycan türkcəsinin beynəlxalq aləmdə tanıdılması, müxtəlif dillər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və Azərbaycan-Norveç ədəbi-mədəni əlaqələrinin genişlənməsi istiqamətində mühüm addımdır.

Xatırladaq ki, “Azərbaycanca-norveçcə sözlük” İrəc İsmayılın oxuculara ünvanlanan ilk əsəri deyil. O, çağdaş Azərbaycan yazıçı və alimlərinin əsərlərinin ingilis dilinə tərcümə edilməsi, redaktə olunması, nəşri və təbliği istiqamətində xeyli işlər görmüşdür. Belə ki, İrəc İsmayılın Vaqif Sultanlı ilə birlikdə hazırladığı “Müasir Azərbaycan nəsri” (Modern Azerbaijani Prose, 2012; 2019), “Müasir Azərbaycan qadın nəsri” (Modern Azerbaijani Women’s Prose, 2014), “Güney Azərbaycan nəsri” (2017) antologiyaları, həmçinin “Yeni dünya düzəni və Güney Azərbaycan problemi” (2024), “Ana dili - milli varlığın təməli” (2023) adlı elmi araşdırmalar toplusu Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Azərbaycanda nəşr olunmuşdur.