Əmrah Həsənli: “Müəllim və valideyn rəyinə əsaslanan dərslik daha faydalı olacaq”
TİHA sədri: “İctimai rəy formal olmamalı, dərslikdə ciddi dəyişikliklərə yol açmalıdır”
Elm və Təhsil Nazirliyi tərəfindən 2026–2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üzrə təkmilləşdirilməsi və ya hazırlanması planlaşdırılan dərslik layihələri, eləcə də onlarla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində mərhələli şəkildə yerləşdirilir. Yaxın vaxtlarda bütün layihələrin platformada təqdim olunması başa çatdırılacaq. Maraqlı tərəflər sayt vasitəsilə müzakirəyə çıxarılmış dərslik komplektlərinin məzmunu ilə tanış ola, xüsusi bölmədə rəy və təkliflərini bildirə bilərlər. Eyni zamanda, rəy və təkliflərin derslik@edu.gov.az elektron poçt ünvanına göndərilməsi mümkündür. Elm və Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, ictimai birlikləri və digər maraqlı tərəfləri müzakirəyə təqdim olunan dərslik layihələri ilə bağlı rəy və təkliflərini bildirməyə dəvət edir.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, dərsliklərin ictimai müzakirəyə çıxarılması prinsip etibarilə müsbət və zəruri addımdır. Çünki dərslik təkcə nazirliyin hazırladığı texniki sənəd deyil, birbaşa sinifdə müəllimin işlədiyi, şagirdin öyrəndiyi, valideynin evdə üzləşdiyi əsas təhsil alətidir. Bu baxımdan onun hazırlanmasında təkcə müəlliflərin deyil, real istifadəçilərin də fikrinin öyrənilməsi vacibdir:
- İctimai müzakirənin əsas faydası ondan ibarətdir ki, dərsliklərin praktikada yaratdığı problemlər erkən mərhələdə üzə çıxarıla bilər. Müəllim dərsin gedişində qarşılaşdığı çətinliyi, mövzuların yaş səviyyəsinə uyğun olub-olmamasını, tapşırıqların real imkanlara nə dərəcədə cavab verdiyini daha dəqiq görə bilir. Valideyn isə ev tapşırıqları və məzmunun uşağa təsiri prizmasından baxaraq fərqli, amma tamamlayıcı rəy formalaşdıra bilir. Bu müxtəlif baxış bucaqları nəzərə alındıqda dərsliklərin keyfiyyətinin artması mümkündür. Əsas məsələ isə rəylərin formal xarakter daşıyıb-daşımayacağıdır. Əgər təqdim olunan təkliflər sadəcə “toplanmış rəy” kimi arxivləşdirilirsə, bu prosesin real təsiri olmayacaq. Amma rəy və təkliflər sistemli şəkildə təhlil olunur, əsaslandırılmış iradlar müəlliflər və ekspertlər tərəfindən nəzərə alınırsa, bu, dərsliklərin məzmununda ciddi dəyişikliklərə yol aça bilər. Burada şəffaflıq xüsusi əhəmiyyət daşıyır. Hansı təkliflərin qəbul edildiyi, hansının edilmədiyi və səbəblərinin açıqlanması ictimai etimadı gücləndirər. Eyni zamanda, ictimai müzakirə mədəniyyətinin özü də önəmlidir. Rəylər emosional yox, peşəkar və əsaslandırılmış formada təqdim olunmalıdır. Təkcə tənqid yox, alternativ təkliflər, konkret düzəliş nümunələri verildikdə bu proses daha faydalı olur. Nəticə etibarilə, dərsliklərin ictimai müzakirəyə çıxarılması düzgün mexanizmlə aparılarsa, bu addım formal yox, real keyfiyyət artımına xidmət edə bilər. Bu prosesin nə dərəcədə səmərəli olacağını isə həm rəyləri verən tərəflərin məsuliyyəti, həm də həmin rəylərə yanaşma forması müəyyən edəcək.