Son illərdə xaricdə təhsil almaq azərbaycanlı gənclər arasında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bir vaxtlar yalnız məhdud sayda ailənin seçim imkanı olan xarici universitetlər bu gün dövlət proqramları, beynəlxalq təqaüdlər və universitetlərin maliyyə dəstəyi hesabına daha əlçatan görünür. Lakin xaricdə təhsil almaq təkcə nüfuzlu diplom əldə etmək deyil. Düzgün ölkə, universitet və ixtisas seçimi gələcək karyeraya birbaşa təsir göstərən əsas amillərdəndir.
Dövlət niyə xaricdə təhsilə investisiya qoyur?
Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilən "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı"ölkənin prioritet sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasını hədəfləyir. Proqram çərçivəsində hər il 500 nəfərədək Azərbaycan vətəndaşının dünyanın aparıcı universitetlərində təhsil alması nəzərdə tutulur.
Bu proqramla bağlı çıxışlarının birində elm və təhsil naziri Emin Əmrullayev bildirib:
"Bu proqram müasir və gələcəyin əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət edir."
Nazirliyin son açıqladığı statistikaya görə, indiyədək 1252 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanıb. Onlar dünyanın 21 ölkəsində yerləşən 151 nüfuzlu universitetdə təhsil alırlar.
Azərbaycanlılar ən çox hansı ölkələri seçirlər?
Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, Dövlət Proqramına müraciət edənlərin ən çox üstünlük verdiyi ölkələr Böyük Britaniya, Türkiyə, ABŞ, İtaliya və Avstraliyadır. Bu seçim təsadüfi deyil.Böyük Britaniya hüquq, maliyyə və biznes təhsili üzrə dünyanın ən nüfuzlu ali məktəblərinə malikdir. ABŞ süni intellekt, kompüter elmləri, biotexnologiya və elmi tədqiqat sahələrində lider mövqedədir. Almaniya mühəndislik, avtomobil sənayesi və sənaye texnologiyaları üzrə yüksək reytinqli universitetləri ilə seçilir. Türkiyə isə coğrafi yaxınlığı, münasib yaşayış xərcləri və xüsusilə tibb, stomatologiya və əczaçılıq sahəsində təklif etdiyi imkanlara görə azərbaycanlı tələbələrin əsas seçimlərindəndir. İtaliya isə memarlıq, dizayn və incəsənət təhsili ilə tanınır.
Bəs hansı ixtisaslara maraq artır?
Elm və Təhsil Nazirliyinin prioritet istiqamətləri göstərir ki, son illərdə klassik ixtisaslardan daha çox gələcəyin peşələrinə üstünlük verilir. İnformasiya texnologiyaları, süni intellekt, məlumatların təhlili, kibertəhlükəsizlik, mühəndislik, energetika, logistika, dövlət idarəetməsi və iqtisadiyyat ən çox seçilən istiqamətlər sırasındadır.Bu dəyişiklik təsadüfi deyil. OECD bildirir ki, rəqəmsal iqtisadiyyatın inkişafı nəticəsində texnologiya və analitik bacarıqlara malik mütəxəssislərə tələbat ildən-ilə artır. Bu səbəbdən dünyanın aparıcı universitetləri də məhz bu istiqamətlər üzrə proqramlarını genişləndirirlər.
Bəs xaricdə təhsil Azərbaycan üçün risk yaradırmı?
Mütəxəssislərin fikrincə, xaricdə təhsil həm imkanlar, həm də müəyyən risklər yaradır. Əsas risk təhsilini başa vuran bəzi gənclərin xaricdə qalması və yüksəkixtisaslı kadrların ölkəyə qayıtmamasıdır ki, bu da “beyin axını” adlandırılır.Bunun qarşısını almaq üçün Dövlət Proqramı ilə xaricdə təhsil alan məzunların təhsildən sonra Azərbaycana qayıdaraq müəyyən müddət ölkədə işləməsi nəzərdə tutulur. Ekspertlər hesab edirlər ki, bu, ölkənin insan kapitalının inkişafına və dövlətin təhsilə yatırdığı investisiyanın səmərəli nəticə verməsinə xidmət edir.
Xaricdə təhsil almaq istəyənlərin çoxunun bilmədiyi nüanslar vardır. Bunlar:Xaricdə təhsil almaq istəyənlərin ən çox yol verdiyi səhvlərdən biri universitetin akkreditasiyasını əvvəlcədən araşdırmamaqdır. Mütəxəssislər bildirirlər ki, hər xarici universitetin diplomu Azərbaycanda avtomatik tanınmır. Buna görə qəbuldan əvvəl ali təhsil müəssisəsinin statusu və diplomun tanınma şərtləri mütləq yoxlanılmalıdır.
Digər mühüm məqam isə, Dövlət Proqramının öhdəlikləridir. Proqram hesabına təhsil alan şəxslər məzun olduqdan sonra Azərbaycana qayıdaraq müəyyən müddət ölkədə əmək fəaliyyəti göstərməlidirlər. Bu mexanizm dövlətin xaricdə yetişən kadr potensialını ölkənin inkişafına yönəltmək məqsədi daşıyır. Bundan başqa, bir çox tələbə təhsil haqqına diqqət yetirsə də, yaşayış xərclərini nəzərə almır. Bəzi Avropa ölkələrində universitetlərdə təhsil ödənişsiz və ya aşağı ödənişli olsa da, kirayə, sığorta və gündəlik xərclər illik büdcənin əsas hissəsini təşkil edə bilir.
Nəticə olaraq isə, Xaricdə təhsil artıq yalnız nüfuzlu diplom əldə etmək vasitəsi deyil. Bu, həm də yeni bilik, beynəlxalq təcrübə və rəqabətqabiliyyətli karyera qurmaq imkanıdır. Lakin mütəxəssislər hesab edirlər ki, düzgün seçim etmək üçün təkcə universitetin adına deyil, ixtisasın gələcək perspektivinə, diplomun tanınmasına, ölkənin əmək bazarına və təhsil şərtlərinə də diqqət yetirilməlidir. Məhz bu amillər xaricdə təhsili uğurlu investisiyaya çevirə bilər.
Nigar Vüqarqızı(Şirinova),
Bakı Slavyan universiteti 3-cü kurs tələbəsi