Dünyanın hər qaynar nöqtəsində Rusiyanın izləri var

Putinə hansı sülh əməllərinə görə Nobel mükafatı verilməlidir

Rusiya Prezidenti Vladimir Putin 2021-ci ilin Nobel Sülh mükafatına namizəd kimi irəli sürülüb. Putinin namizədliyi barədə müraciəti Osloda yerləşən Nobel Komitəsinə yazıçı Sergey Komkov sentyabrın 9-da ünvanlayıb. Putin 2013-cü ildə də deputat İosif Kobzon tərəfindən Nobelə namizəd göstərilmişdi. Onların fikrincə, Putin Suriya münaqişəsinin həllində fəal iştirakına və ABŞ-ın Suriyaya hərbi təcavüzünü dayandırmaq cəhdinə görə bu mükafata layiqdir. Bir müddət əvvəl rusiyalı alim Sergey Erofeev müxalif siyasətçi Aleksey Navalnının Nobel sülh mükafatına namizəd olduğunu açıqlamışdı. 

Bundan əvvəl isə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Robert Brayen Amerika Prezidenti Donald Trampı Nobel Sülh Mükafatı ilə təltif etməyi nəzərdən keçirməyə çağırıb. Brayen İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin qurulmasında Trampın oynadığı rolu buna əsas kimi gətirib. 

Məlumat üçün bildirək ki, sülh mükafatı XIX əsrin sonlarında isveçli sənayeçi və ixtiraçı Alfred Nobelin vəsiyyət etdiyi beş mükafatdan biridir. Onu sülhün möhkəmlənməsinə töhfələrə görə şəxsə və ya təşkilata verirlər. Ancaq bəzən elə şəxslərin adı namizəd kimi irəli sürülür ki, insanlar tərəfindən birmənalı qarşılanmır, hətta tənqidə tuş gəlir. O baxımdan siyasilərin, daha doğrusu, mükafata toplum tərəfindən “layiq” görülməyən liderlərin namizədliyi müzakirələrə səbəb olur. 

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Şərq”ə açıqlamasında deyib ki, Nobel Sülh mükafatı insan haqlarının müdafiəsinə, sülhün bərpa olunmasına, müharibə şəraitinin bitməsinə və s. bu kimi ciddi xidmətlərə görə verilir. Ekspertin sözlərinə görə, bugünədək çox az halda olub ki, sülh mükafatının verilməsində siyasi məqsədlər az rol oynamasın:

“Qərbə bağlı olan, əks-kəşfiyyatla əlaqəli, Qərb tərəfindən maliyyələşdirilən qurumlarla əməkdaşlıq edən, xüsusən Qərbdən tirajlanan “demokratiya baxışı” və “insan haqları” nümunəsinə uyğun şəxslərə təqdim olunur. SSRİ-nin sonuncu rəhbəri M.Qorbaçovun Sülh Mükafatı ilə təltif olunması nə dərəcədə sülhyaratma prosesinə uyğun idi?! Doğrudanmı SSRİ-nin dağılması dünyaya barış, sülh gətirdi, nüvə qarşıdurmasını sonlandırdı, müharibələrin sayını azaltdı?! Bunların heç biri baş vermədi.

Sovet İttifaqının dağılması hansı formada sülhyaratma prosesinin tərkib hissəsi olmalıydı ki? Halbuki, Qorbaçova mükafat məhz buna görə verilmişdi. İndi də Rusiya rəhbəri V.Putinin adı hallanır. Rusiya öz imperial maraqlarına görə dünyanın bir sıra mərkəzlərində müharibə aparır. Hansı cəhətinə görə sülh mükafatına layiq görülür? Yaxud eyni imperial maraqlar uğrunda savaşan Amerika Birləşmiş Ştatlarının prezidenti hansı meyarlara əsasən “sülhyaratma prosesinin” iştirakçısı sayılır”. 

Siyasi şərhçinin sözlərinə görə, burada əsas rol oynayan siyasi nüanslar imkan vermir ki, təltifat prosesində obyektivlik təmin olunsun:

“Afrikada dini toqquşmalar, ərazi münaqişələri davam edir. Mən kortəbii baş verən toqquşmaları misal çəkirəm. Yaxın Şərqdə, Şərqi Avropada daha ciddi qarşıdurmalar yaşanır. Ümumən götürəndə, bu problemlərin həllində insan hüquqları üzrə fəallar daha aktiv və fədakar olublar, amma onların təqdimatına rast gəlməmişik.

Bu şəxslərə sülhyaratma prosesində oynadıqları rola görə Nobel Sülh Mükafatı verilməyib. Təltif olunan şəxslər Sülh Mükafatı Komitəsinin tələblərinə, şərtlərinə uyğun adamlardır. Fikir versək, həmin şəxslərin hansı siyasi maraqlara qulluq etdiyini görərik. Mükafatı elə adamlara vermək lazımdır ki, onlar ölkələrin ərazi bütövlüyünün bərpa edilməsində müəyyən rol oynasınlar.

Qaçqınlarla bağlı problemin həllinə yardım etsin, işğalçılığın genişlənməsinə maneçilik törətsinlər. Bundan əlavə insan qaçaqmalçılığının, qanunsuz silah ticarətinin, narkoticarətin dövriyyəsinin azalmasına dəstək versinlər. Əks halda “demokratiyanın təsisatı”, “insan haqlarının təmin olunması” kimi anlayışlar əksər hallarda dövlətlərin daxili işlərinə müdaxilə etmək missiyası daşıyır.

Bu missiyanın üzərində isə çətir kimi istifadə etdikləri beynəlxalq hüquq və təsiredici elementi kimi Nobel Sülh mükafatı dayanır”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu