Lavrov bitərəf olmağı bacarmır

Rusiyanın baş diplomatı hər fürsətdə Azərbaycanın maraqlarına zidd açıqlamalar səsləndirir

"Bizim üçün “status” məsələsi çoxdan bitib. Bunun əksini iddia etmək Azərbaycana yenidən müharibəyə başlamaq hüququ verir"


Rusiyanın Xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında yenidən “Dağlıq Qarabağın statusu” məsələsini gündəmə gətirib. XİN rəhbəri deyib ki, “Dağlıq Qarabağın statusu məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb”. Onun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrin yerləşdirildiyi ərazi Rusiya sülhməramlı kontingentinin cavabdehliyində olan zonadır: “Bakı və İrəvanla təmaslarımızda məhz bundan çıxış edirik. Dağlıq Qarabağın statusu məsələsi ziddiyyətlidir.

Üç lider tərəfindən qərar verilib ki, bu məsələ bir tərəfə qoyulsun, sonraya, gələcəyə saxlanılsın, bununla o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri məşğul olmalıdırlar”.

Lavrovun israrla artıq ölmüş “status” məsələsindən və Minsk qrupundan danışmasını “Şərq”ə təhlil edən AĞ Partiya sədri bildirib ki, Tural Abbaslı Rusiya XİN başçısı etnik mənsubiyyətindən dolayı Qarabağ məsələsində obyektiv mövqe tuta bilmir. T.Abbaslının sözlərinə görə, əslən erməni olan nazir konfliktdə bitərəf olmağı bacarmır:

“Lavrov hər məqamda, hər fürsətdə Azərbaycanın maraqlarına zidd açıqlamalar səsləndirir. Onun “status” məsələsini gündəmdə saxlaması, rəsmi Bakının nə vaxtsa bunu müzakirə edəcəyini iddia etməsi Yerevanın mövqeyinin müdafiə edilməsidir.

Lavrova sual vermək lazımdır ki, mütəmadi “status” oyununu ortaya atırsa və bunun Minsk qrupu çərçivəsində həllini istəyirsə, o halda niyə Qarabağda sadəcə Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib?!

Belə çıxır ki, Kreml özünə sərf edən məqamlarda üçtərəfli formatdan danışır, digər hallarda isə amorf quruma çevrilmiş Minsk qrupunun “zəruriliyindən” dəm vurur. Görünür, Lavrov Azərbaycan-Türkiyə-Pakistan üçlü formatının üzərinə Rusiya-ABŞ və Fransa ilə gəlmək istəyir. Əslində bunun özü Moskva üçün ziyanlıdır.

Heç kəsə sirr deyil ki, Rusiyanın Qarabağda tutacağı mövqe Moskva-Ankara münasibətlərini müəyyən edəcək amillərdən biridir. İnanmıram ki, prezident Vladimir Putin erməni əsilli Lavrovun niyyətinə görə Türkiyə kimi strateji müttəfiqdən imtina edəcək”.

Partiya sədrinin fikrincə, “status” məsələsi Lavrovun düşüncəsi, istəyi ilə həll olunmur:

“Azərbaycan tərəfinin mövqeyi birmənalıdır. Biz də müxalifət olaraq iqtidarın “Qarabağda heç bir “status” olmayacaq” fikrini və mövqeyini tam dəstəkləyirik. Bizim üçün “status” məsələsi çoxdan bitib. Bunun əksini iddia etmək Azərbaycana yenidən müharibəyə başlamaq hüququ verir.

Əgər Moskva “status” söhbətində israr edərsə və ATƏT-in Minsk qrupunun da prosesdə yer almasına çalışarsa, Azərbaycan 27 sentyabrda olduğu kimi yenidən öz Ordusunu prosesə qoşa bilər”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu