Azərbaycan terrorçuları qaytarmaq fikrində deyil

Heç bir qüvvə bizim humanistliyimizdən və sülhpərvərliyimizdən istifadə edə bilməz


Avropa Parlamentinin 121 üzvü Aİ sədrinə və Avropa Komissiyasının rəhbərliyinə müraciət edərək Azərbaycandan “erməni əsir”lərin qaytarılmasını tələb etməyə çağırıb. Ancaq Avropa İttifaqı hələ də birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və beynəlxalq təşkilatların 1993-94-cü illərdə əksəriyyətinin sağ olduğunu təsdiqlədiyi 4 mindən artıq azərbaycanlının taleyinə dair susqunluq nümayiş etdirir.

Reallıq odur ki, artıq Avropa məkanında çox ciddi əxlaq aşınması baş verir. Nədənsə, bütün bu məsələlərə yanaşmada bəşəri dəyərlər rahatca gözardı edilir. Yalnız əsas olaraq Avropanın, Avropa İttifaqının və bütövlükdə Qərb dünyasının geosiyasi maraqları, eyni zamanda xristian təəssübkeşliyi ortaya çıxır. Əlbəttə, bu, ədalətli yanaşma deyil. Belə bir yanaşma yanlış olmaqla bərabər, Qərbin və Avropa İttifaqının da cəzbediciliyini azaldır. Bunu Aİ diplomatları, siyasət adamları artıq anlamalıdırlar.


Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə bildirib ki, diplomatların təşəbbüsü açıq-aşkar siyasi riyakarlıqdır. Partiya rəhbəri bəyan edib ki, AP üzvlərindən belə riyakarlığı, hoqqabazlığı gözləmək olar. Çünki dəfələrlə Azərbaycana qarşı addımların şahidi olmuşuq:

“Onsuz da Qərbin, beynəlxalq təşkilatların, Minsk qrupunun bu cür ədalətsiz davranışlarına, “ikili standart”lara əsaslanan taktikalarına çoxdan öyrəncəliyik. 121 deputatın sözügedən müraciəti də həmin “ikili standart”ların bariz nümunəsidir. Belə bir ədalətsizliyi başqa cür qiymətləndirmək mümkün deyil. Avro-parlamentarilər hər nə qədər iddia etsələr də, burada “hərbi əsir”lərdən söhbət gedə bilməz. Onların “hərbi əsir” kimi təqdim etdiyi şəxslər birmənalı olaraq terrorçu diversantlardır. Müharibə bitdikdən və 10 noyabr razılaşması imzalandıqdan sonra Azərbaycan ərazisində terrorçuluğa təşəbbüs göstərərkən yaxalanan bir qrup erməni silahlıdır. Bəs 121 deputat hansı kriteriyalara əsaslanaraq onları “hərbi əsir” kimi təqdim edir? Hüququn aliliyi prinsipinin bu sayaq çeynənməsi, ayaqlar altına atılması yolverilməzdir. Azərbaycan dövləti yüksək humanizm nümunəsi nümayiş etdirərək, 121 nəfərin "hərbi əsir" saydığı terrorçu-diversantlardan 3 nəfərini artıq azad edib. Lakin bu o demək deyil ki, Qərb siyasətçiləri ermənilərlə birlikdə fürsətdən istifadə edib "hərbi əsir" spekulyasiyalarını davam etdirə və Azərbaycana təzyiq göstərə bilərlər.

Xeyr, heç kim Azərbaycan xalqının humanistliyindən və sülhsevər siyasətindən sui-istifadə edə bilməz”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu