Gülüş doğuran adlar...

18 yaşı tamam olmuş istənilən şəxs adını rahat dəyişə bilər



Yeni doğulan uşaqlara Traktor, Yanvar, Sovet, Sunami, Stəkan kimi adlar qoyulmasa da, günümüzdə bu adları daşıyan insanlar var. Hansı ki, o insanlar öz adlarından utanır, adlarını tələffüz etməyə xəcalət çəkirlər. Çoxları isə hansısa bir ləqəb götürür ki, onu bu gülünc adlarla səsləməsinlər.

Özünün feysbuk hesabında bu məsələyə toxunan sosioloq Lalə Mehralı belə bir qeyd yazıb: "Tanış bir qız adını dəyişdirmişdi deyə ailəsi tərəfindən mənəvi təzyiqə məruz qalırdı. Ailə Xırdaxanım adını vermişdi, nənəsinin adı olub, qız 22 yaşına kimi təsadüfi tanışlıqlardan qaçırdı, onunla ciddi münasibət üçün tanış olmaq istəyən oğlanlar olanda qəti surətdə yaxınlaşmağa icazə vermirdi, elçiləri rədd edirdi, ona görə ki, adını demək onu utandırırdı. Universiteti bitirəndə diploma da bu ad yazılmasını istəməyib adını rəsmən Mələk eləmişdi.


Bu gün də oxşar bir hadisə eşitdim tanışlardan, Anaxanım adlı qız 18 yaşı olan kimi adını dəyişib Günəş edib. Valideynləri qızı psixoloji olaraq bezdiriblər canından ki, nahaq dəyişdin adını, xeyir tapmayacaqsan, ölmüş nənənin adını dəyişmək olmaz. Necə əsəbləşdim! Lap əcəb edib! Adını deməyə utanan bir qız düşünün siz, o zaman onun keçirdiyi hissləri də başa düşəcəksiniz. Amma empatiya qurmağı bacarmırıq, çox təəssüf... Valideyn olmaq övladını şəxsi əşya olaraq görmək deyil, onun da hissi, duyğusu var. Adını deməkdən utanan biri necə sərbəst, rahat ola bilər?”

Qeyd edək ki, hər nə qədər ailə, qohum-qonşu tərəfindən tənqidlə qarşılansa da, hər kəsin öz adını dəyişmək kimi bir hüququ da olmalıdır. Ad dəyişən insanlara çox az olsa da rast gəlirik. 

Bəs ad dəyişikliyi necə aparılmalıdır? Hüquqşünas Asif Abdullayev "Şərq”ə açıqlamasında bildirdi ki, hazırda Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, uşağa xələl gətirən, cinsinə uyğun olmayan və gülüş hissi doğuran adların verilməsi qadağandır. Buna görə də valideynlər bu cür adları övladlarına vermək istəsələr də, qeydiyyat orqanları adları qeydiyyata ala bilməzlər.
Hüquqşünasın sözlərinə görə, ümumi qayda olaraq adın, soyadın və ata adının dəyişdirilməsinə 18 yaşa çatdıqdan sonra yol verilir. Amma 18 yaşa qədər də uşağın adının dəyişdirilməsi mümkündür: 

"Ailə qanunvericiliyinə əsasən, uşağın mənafeyini nəzərə alaraq, müstəsna hallarda 18 yaşına çatmamış şəxslərin də adının dəyişdirilməsinə icazə verilə bilər. Uşağın ad dəyişikliyi üçün mütləq valideyn müraciət etməlidir. Amma bu məsələdə 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır”.

A.Abdullayev deyib ki, ümumi qaydada 18 yaşına çatdıqda ad dəyişilə bilər. Əgər 18 yaşına çatmamış şəxsin ad dəyişikliyi üçün müraciət edilirsə, amma ad normaldırsa, adın dəyişikliyi müraciətindən imtina edilə bilər.

Hüquqşünas bildirdi ki, vətəndaşın ad dəyişikliyi yalnız bir dəfə aparıla bilər. Bunun üçün ümumilikdə 1 ay vaxt lazımdır: "Ad dəyişikliyində qəliz proseslər gedir. Müvafiq qurumlara sorğular verilir. 15 gün ərzində o qurumlardan cavab gəlməlidir. Əlavə 15 gün vaxt isə rəy üçün lazım olur”.
Amma bəzi məqamlarda qanunla ad dəyişikliyinə icazə verilmir. A.Abdullayev deyir ki, şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, həmçinin təqsirləndirilən şəxs statusunda olduqda və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın dəyişdirilməsinə yol verilmir.

Görəsən, psixoloqlar necə düşünür? Başqalarının qınağına, irad və tənəsinə səbəb olan gülünc adlar uşaqların xarakterinə, psixologiyasına necə təsir edir?

Azərbaycanda gülməli adların həddindən artıq çox olduğunu vurğulayan psixoloq Ramil Nəcəfli deyib ki, sovet dövrü və ondan sonrakı illərdə də valideynlər uşaqlarına mənası bilinməyən, gülməli səslənən adlar qoyublar. Gülünc adlar isə uşaqlarda ümumiyyətlə kompleks yaradır və onlar yaşıdlarının gülüş obyektinə çevrilirlər. Bu da öz növbəsində məktəbyaşlı uşaqların psixikasına mənfi təsir göstərir. Çünki böyüklərə nisbətən uşaqlar bu cür məsələlərdə biri-birinə qarşı daha qəddar və acımasız olurlar, eyibləri üzə vurmağı bir oyun kimi sevirlər. Adından utanan uşağın isə psixikası pozulur, valideynlərinə küsür, adını soruşan olanda sıxılır, özünə qapanır. Məktəbə qarşı motivasiyası itir və cəmiyyətdən uzaqlaşır. Valideynlər öz övladlarını bu situasiyaya salmamalıdır: 

"Zaman keçdikcə, uşaqlarda öz adına qarşı antipatiya yaradır, ona görə də 18 yaşını tamamladıqdan sonra adını dəyişən kifayət qədər adam var. Valideynlər öz eqolarına, hansısa xatirələrinə görə ad seçimi etməməlidir, onun mənasını, uşağın gələcək həyatına, sosial çevrəsinə təsirini düşünməlidirlər. Çünki uşaqlıqdan adı ələ salınan uşaq böyüdükcə, bu münasibətə alışır və xarakteri melanxolik olur. Bu isə onun ömrü boyu həyat keyfiyyətinə təsir edir. Hansısa bir istedad sahibi olsalar belə öz potensiallarını ortalığa çıxara bilmirlər. Öz potensialına güvənən insanlar 18 yaşına çatdıqdan sonra adlarını dəyişdirməklə onları qarabaqara izləyən bu kabusdan azad olur, sonrakı həyatlarını öz istəklərinə uyğun yaşayırlar. Amma çoxları bu cəsarəti özündə toplaya bilmir və ömrü boyu kompleksli yaşamaq məcburiyyətində qalır”.

Şəymən