Aqil Abbasın jestinə rəqiblərindən reaksiya var: “Artıq iki namizəd…”

Xəbər verdiyimiz kimi 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən qeydə alınmış namizəd – “Ədalət” qəzetinin təsisçisi, yazıçı-publisist Aqil Abbas öz rəqiblərinə müraciət edib. 

A.Abbas rəhbərlik etdiyi qəzetdə rəqib namizədlərin təmannasız təbliğatını aparmağa hazır olduğunu söyləyib: “Mənim əlimdə gündəlik qəzet var. Yəni öz təbliğatımı qurmaq üçün geniş imkanlara malikəm. Amma bundan sui-istifadə etmək istəmirəm. 

Ona görə də Sizlərə müraciət edərək bir fikrimi bildirim. "Ədalət" qəzeti sizin hər birinizin platformasını, müsahibəsini pulsuz dərc etməyə hazırdı. Və eyni zamanda qəzetin həmin nömrələrindən pulsuz olaraq hər biriniz 300-400 nüsxə gəlib redaksiyadan götürə bilərsiniz”.

Məlum çağırışı ilə bağlı Serq.az-a danışan Aqil Abbas bildirib ki, o, bu müraciəti ilə öz yanaşmasını və mövqeyini sərgiləyib: 

“Mən müraciətimi etmişəm. Rəqiblərim qəzetdə dərc olunması üçün material göndərərlər, ya göndərməzlər özləri bilər. Qapılarına gedib, zorla gətirin yazı verin, deyəsi deyiləm ki?! Düşündüm ki, mənim əlimdə qəzet var, amma rəqib namizədlərimin media resursları yoxdur. Bəzisi kənddə yaşayır, mətbuata çıxış tapmır. Onlar özlərini necə təbliğ etsinlər? Ona görə də, dedim ki, mən bu vəziyyətdən sui-istifadə etməyəcəm. Buyursunlar gəlsinlər. Ancaq məlumatım var ki, artıq iki rəqib namizəd qəzetimizdə dərc olunması üçün təbliğat materialı hazırlayıblar. Yaxın zamanda bizə göndərəcəklər”.