Siqaretin qiyməti yenə qalxacaq: BAHALAŞMA QAÇILMAZDIR

Nazirlər Kabinetinin qərarına əsasən ölkəmizə gətirilən spirtli və enerji içkiləri üçün aksiz dərəcələri artırılacaq. Aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.

Spirtli içkilərlə bağlı aksiz vergisinin artırılması fonunda siqaretin qiymətinin nə qədər bahalaşa biləcəyi ilə bağlı Sherg.az-a danışan İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib ki, bu artımından sonra siqaretin də qiyməti bahalaşacaq. Ancaq bahalaşmanın nə qədər olacağını proqnozlaşdırmaq çətindir.

"Aksiz vergisi siqaretin xərcinin müəyyən hissəsini təşkil edir. Düzdür, xərc yalnız aksiz vergisindən ibarət deyil. Siqaretin istehsalı prosesində digər xərclər də yaranır. Amma sözsüz ki, aksiz dərəcələrinin artırılması siqaretin maya dəyərinə mənfi təsir edir. Maya dəyəri artdığından siqaretin qiymətində də artımlar baş verir. Bu baxımdan aksiz vergisinin artması ölkədə siqaretin qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Hər halda bu qiymət artımının hansı intervalda olduğunu sahibkarlar müəyyənləşdirəcək”.



Vüqar Bayramov: "Təklif edirik ki, prosesin ailə büdcəsinə mənfi təsir etməməsi üçün yerli siqaret istehsalı üzrə qiymətlər optimallaşdırılsın”


V. Bayramov bu məsələ ətrafında müəyyən təkliflərlə çıxış etdiklərini dedi:

"Təklif edirik ki, prosesin ailə büdcəsinə mənfi təsir etməməsi üçün yerli siqaret istehsalı üzrə qiymətlər optimallaşdırılsın. Yerli siqaretlər aşağı qiymətlərlə təklif olunmalıdır ki, aksiz vergisinin artımı vətəndaşların büdcəsinə ziyan vurmasın”.