“Çinə qarşı savaş açmaq bütün dünyanı qarışdıra bilər” – AKTUAL ŞƏRH 

“Çinin məhvindən, parçalanmasından danışmaq yersizdir. Sadəcə, bu ölkə ilə münasibətlər bir qədər gərginləşə bilər”



ABŞ Çinin koronavirusun yayılmasının qarşısını ala bilmədiyinə görə məsuliyyətə cəlb edilməsi üçün fərqli variantları nəzərdən keçirir. Bunu Amerika prezidenti Donald Tramp deyib. Ağ Ev rəhbərinin sözlərinə görə, söhbət çox böyük məbləğdə təzminatlardan gedir: “Almaniya da, biz də variantları tədqiq edirik və biz almanlardan fərqli olaraq daha böyük pullardan danışırıq. Hələlik yekun qərar qəbul etməmişik. Çox ciddi araşdırma aparırıq. Zamanı gələndə sizi məlumatlandıracağıq”. Məlumata görə, Böyük Britaniya hökuməti də koronavirus təhlükəsinə görə, Çinə təzminat davası açmağa hazırlaşır.  



İddiaları “Sherg.az”a dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, postpandemiya dövründə dünyada yeni düzənin qurulacağı istisna edilmir.
Lakin analitikə görə, koronavirus məsələsində bütün günahı Çinin üzərinə qoymaq doğru deyil: 

“Xəstəliyin Çindən yayıldığını iddia edərək bütün təqsiri Pekinin boynuna atmaq ağlasığmaz yanaşmadır. Əgər sübut olunsa ki, koronavirus bioloji silah idi və Çinin laboratoriyasında hazırlanıb, yalnız o halda ölkəyə müəyyən fəsadlar dəyə bilər. Çin dünyanın ən nəhəng dövlətlərindən biridir. Çinə qarşı savaş açmaq bütün dünyanı qarışdıra bilər. Pandemiya göstərdi ki, Qərb dövlətlərində, xüsusən Avropa ölkələrində patriotik şüarlar üzərindən hakimiyyətə gəlmiş təsadüfi liderlər fors-major hadisələrə hazır deyillər. Onlar pandemiya və təbii fəlakətlər dövründə dövlətləri idarə edə bilmirlər. İstənilən halda panemiyadan sonra bir çox iri şirkətlərin iflasını nəzərə alsaq, yeni bir düzənin meydana çıxacağını iddia etmək olar. Fərqli hədəflər çıxacaq ki, bu hədəflərdən biri də Çindir. Yəni Çinlə dünyanın digər ölkələrinin qarşıdurması yaşanacaq. Lakin tamamilə yeni bir mənzərənin yaranacağını iddia etmək, Çinin məhvindən, parçalanmasından danışmaq yersizdir. Sadəcə Çinlə münasibətlər bir qədər gərginləşə bilər”.